• 22 Noyabr 2024 09:29

43 ay sonra PKK lideri ilə ilk görüş – Nələr danışılıb?

Türkiyənin DEM Partiyasının Şanlıurfa millət vəkili və Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan dünən İmralıda PKK lideri ilə görüşüb.

Tacxeber/com xəbər verir ki, Ömər Öcalan bu barədə “X” platformasında məlumat yayıb.
“Abdullah Öcalanla sonuncu dəfə üzbəüz 3 mart 2020-ci ildə görüşmüşdük. Ailə olaraq illər sonra 23 oktyabr 2024-cu ildə onunla görüşdük. Qanuni haqq olaraq ailə görüşünün, şərtlər nə olur olsun, davam etməsini istəyirik”, – Ö. Öcalan qeyd edib.

Ömər Öcalan görüşdə Abdullah Öcalanın siyasi hadisələrlə bağlı ictimaiyyətə mesajı olduğunu yazıb:
“Təcrid davam edir. Şərtlər imkan verərsə, bu mərhələni münaqişə və zorakılıq zəminindən hüquqi və siyasi zəminə çəkəcək nəzəri və praktiki gücə sahibəm”.

Qeyd edək ki, MHP sədri Dövlət Baxçalı oktyabrın 22-də PKK lideri Abdullah Öcalandan PKK terror təşkilatını ləğv etmək şərtilə ümid haqqına müraciət edərək, Türkiyə Böyük Millət Məclisində (TBMM) DEM Partiya Qrup Toplantısında çıxış etmək üçün çağırış edib.

Bu çağırışdan bir gün sonra “Türk Aerokosmik Sənayesi” şirkətinin (TUSAŞ) Ankaranın Kahramankazan bölgəsində yerləşən obyektlərindən birində terror aktı törədilib. Hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Ankarada jurnalistlərə açıqlama verib: “Xidmətlərimizə çatan məlumatlara görə, terror təşkilatı PKK-nın hücumda iştirak etdiyini kifayət qədər dəqiqliklə deyə bilərik”.

Məlumat üçün bildirək ki, 28 noyabr 1978-ci ildə Diyarbakırın Lice rayonunda qurulan PKK Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları (ABŞ), İngiltərə, Fransa, Türkiyə və bir çox başqa dövlətlər tərəfindən terror təşkilatı kimi qəbul edilir.

Rəsmi məlumatlara görə, PKK yaraqlıları 40 ilə yaxındır həyata keçirdikləri hücumlarda 15 minə yaxın insanı qətlə yetiriblər.

PKK lideri Abdullah Öcalan 1999-cu ildən terror təşkilatı qurmaq və ona rəhbərlik etmək ittihamı ilə ömürlük həbs cəzasına məhkum edildiyi Mərmərə dənizindəki İmralı həbsxanasındadır. (Yeniavaz.com)

Tacxeber.com

Oxşar xəbərlər