“Gürcü Arzusu” paytaxt Tbilisidə uduzdu.
Kutaisi, Rustavi, Batumi, Zuqdidi, Poti kimi böyük şəhərlərdə də müxalifətin gerisindədir. Lakin gözdən bir az uzaq bütün rayonlarda, xüsusən azərbaycanlıların və ermənilərin yaşadığı Kvemo Kartli və Samsxe-Cavaxetiya bölgələrində 70-80-90%-lik nəticələrlə qalib gəlib.
Hakim partiyanın bəzi nəticələrinə nəzər salaq:
Ninotsminda – 90%
Axalkalaki – 89%
Saçxere – 84%
Bolnisi – 81%
Marneuli – 80%
Dmanisi – 76%
Qardabani – 71%…
Və sair… Bu rəqəmlərin necə əldə olunduğu postsovet insanına, xüsusən bizlərə yaxşı məlumdur.
“Gürcü Arzusu” qarşısına qoyduğu əsas məqsədə – konstitusion çoxluğa nail ola bilmədi, istəsə bunu da edərdi, amma Qərblə münasibətləri tam pozmamaq üçün bir növ “əl yeri” saxladı, 4 müxalifət blokunu parlamentə buraxmaq da buna xidmət edir. Bu qüvvələrdən 3-ü seçkinin nəticələrini tanımadı, digəri (Qaxariyanın partiyası) saxtakarlıq olduğunu bildirsə də, parlamentə gedib-getməmək barədə yekun qərar verməyib.
Beynəlxalq müşahidəçilərin elan edəcəyi ilkin rəy də hadisələrin bundan sonrakı inkişafına mühüm təsir göstərəcək.
Gürcüstandakı seçkilər bir daha göstərir ki, demokratik institutların oturuşmadığı ölkələrdə, xüsusən Rusiyanın ciddi təsir gücünə sahib olduğu keçmiş SSRİ coğrafiyasında dövlət gücünü əlində tutub, bu gücdən öz maraqları naminə sonuna qədər yararlanan hakimiyyətləri seçki yolu ilə məğlub edib göndərmək mümkün deyil, yaxud çox istisna hallarda mümkündür.