• 06 Noyabr 2024 18:13

“MSK rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb” – Allahverdi Aydın

Məlum olduğu kimi, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu ilin dekabr ayının 23-də keçirilib.

Seçki Məcəlləsinin 211-ci maddəsinin tələbinə görə bələdiyyələrin səlahiyyət müddəti 5 ildir və bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır.
Qanunun tələbindən belə görünür ki, bu ilin dekabr ayının sonunda Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilməlidir.

Məsələ ilə bağlıYeniavaz.com-a açıqlama verən araşdırmaçı-jurnalist Allahverdi Aydın bildirir ki, Seçki Məcəlləsinin 8.1-ci maddəsinə görə seçkilərin təyin edilməsi haqqında qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilməlidir:

“Bələdiyyə seçkilərinin keçirilməsiylə bağlı müvafiq qərar Mərkəzi Seçki Komissiyası tərəfindən verilir. Mərkəzi Seçki Komissiyası 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində müvafiq qərarı 66 gün əvvəl – oktyabr ayının 18-də verib. Lakin, hazırda bələdiyyələrin səlahiyyət müddətinin başa çatmasına 55 gün qalmasına baxmayaraq Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı qərar qəbul etməyib. Bu isə qeyd etdiyimiz kimi Seçki Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə ziddir”.

Allahverdi Aydın bildirir ki, Seçki Məcəlləsində bələdiyyə seçkilərinin hansı hallarda təxirə salına biləcəyi açıq şəkildə yazılıb:

“Qanunun tələbinə görə seçkilərdə namizəd olmadığı hallarda seçki təxirə salınır. İndiki halda Mərkəzi Seçki Komissiyası seçki ilə bağlı qərar belə verməyib. Əvvəlki illərdə heç vaxt bu cür hal qeydə alınmayıb. Bu il ilk dəfədir ki, Seçki Komissiyası seçki ilə bağlı müvafiq qərarı vaxtında vermir. Belə görünür ki, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb”.

Allahverdi Aydın

Xalid Ağalıyev: “Cavabı olmayan suallara da seçki qurumu aydınlıq gətirməlidir”
Hüquqşünas Xalid Ağalıyev isə açıqlmasında qeyd edib ki, seçkilərin təyin edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul edilməlidir:

“Qanunvericiliyə görə, bu qərarlar səsvermə günündən azı 60 gün əvvəl verilməlidir. Hazıda belə qərar qəbul edilməyib. Halbuki, son bələdiyyə seçkilərinin 5 il əvvəl dekabr ayının 23-də keçirildiyini nəzərə alsaq, azı bir həftə əvvəl belə bir qərar verilməli idi. Qanunvericilikdə qeyd edilən müddət çərçivəsində seçki qərarı verilmədiyi hallarda nələrin baş verəcəyinə dair dəqiq göstəriş yoxdur. Onu qeyd etmək olar ki, qanunvericilik bələdiyyələrin səlahiyyət müddətinin 5 il olduğunu elan edir. Eyni zamanda müəyyən edir ki, bələdiyyələrin səlahiyyət müddəti səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.

Qanunvericiliyə görə, digər seçkilər kimi bələdiyyələrə də seçkilərin müəyyən edilmiş müddətdə keçirilməsi məcburidir. İstisna durumlar ola bilər – ölkə ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edilən zaman, belə vəziyyətin ləğv edilməsindən sonrakı 3 ayda seçkilər keçirilə bilməz. Eyni zamanda bələdiyyə seçkiləri təxirə də salına bilər, ancaq bu qayda artıq təyin edilmiş seçkilərə yönəlikdir. Yəni, seçki elan edilir, gərəkli sayda namizədlər qeydə alınmır, o zaman bələdiyyə seçkiləri 2 aya qədər təxirə salına bilər. Hazırda belə durum mövcud deyil.

Ölkə ərazisində bütün seçkilərin hazırlanmasına və keçirilməsinə məsul qurum Mərkəzi Seçki Komissiyasıdır. Komissiya bələdiyyə seçkilərinin qanunvericiliyə uyğun şəkildə keçirilməsini təmin etməlidir. Hazırkı situasiyada cavabı olmayan suallara da seçki qurumu aydınlıq gətirməlidir”.


Xalid Ağalıyev

Onu da bildirək ki, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından münasibət öyrənməyə çalışsaq da, qurumun mətbuat xidmətinin rəhbəri telefon zənglərimizə cavab vermədi. (Yeniavaz.com)

Tacxeber.com

Oxşar xəbərlər