• 23 Noyabr 2024 17:36

İctimai fəal Mete Türksoy həbs edilib.

Fəal hesab edir ki, polisin tələbi qanunsuz olub.

 

NİDA Hərəkatının fəalı, oktyabrın 30-da axşam saatlarında metronun “Nizami” stansiyasında saxlanılan Mete Türksoy haqqında 30 sutka inzibati həbs qərarı verilib. Bu qərar oktyabrın 31-də Yasamal Rayon Məhkəməsində çıxarılıb.

 

Qərara əsasən, ictimai fəal İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib.

 

Lakin Mete Türksoy ona verilən ittihamla razılaşmır. O, məhkəmədə də haqqındakı inzibati xəta protokolunda yazılanlarla razılaşmadığını deyib.

 

Protokolda iddia olunur ki, Mete Türksoy metroda xuliqanlıq edib, polislərə tabesizlik göstərib.

 

Özü isə deyir ki, metro stansiyasının girişində çantasını bir dəfə yoxlayıblar. Polis ondan yoxlanışın təkrarlanmasını tələb edib. O isə buna etiraz edib.

Hesab edir ki, polisin tələbinin özü qanunsuz olub və belə olan halda, vətəndaşın da ona etiraz etmək hüququ var.

 

Mete Türksoy deyir ki, o, nə xuliqanlıq edib, nə də tabesizlik göstərib. Əksinə, polislər ona qarşı qanunsuzluq edib. O, həbsinin siyasi motivli olduğunu hesab edir.

İctimai fəalı Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşları saxlayıb və onun haqqında protokol tərtib edib.

 

“Mete Türksoyun qeyri-siyasi səbəblərlə başlayan saxlanılması prosesinin artıq siyasi rəng aldığı qənaətindəyik. Onun ictimai və siyasi fəaliyyəti, son dövrlərdə yazdığı statuslar və yaxın gələcəkdəki planlarının ona qarşı bu cür rəftarın əsas səbəbi olduğunu düşünürük”, – NİDA Vətəndaş Hərəkatının Mete Türksoyun həbsilə bağlı bəyanatında belə deyilir.

 

Yasamal Rayon Məhkəməsinin ictimai fəal haqqında 30 sutkalıq həbs qərarından apelyasiya şikayəti veriləcək.

Mete Türksoy tənqidçi reperdir, bundan əvvəl də bloger Mehman Hüseynova azadlıq tələbi ilə keçirilən etiraz aksiyasında iştirakına görə 30 sutka həbs olunmuşdu.

Tacxeber.com

Oxşar xəbərlər