• 23 Noyabr 2024 14:14

Qalmaqallı Uşaq evində daha bir DƏHŞƏT – 5 uşaq qotur xəstəliyinə YOLUXDU

Xətai rayonunda yerləşən 3 saylı Uşaq evində kütləvi olaraq qotur xəstəliyinin yayıldığı bildirilir. Qeyd olunub ki, hətta uşaqlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

 

Tacxeber.com Uşaq evinin tabe olduğu Sosial Xidmətlər Agentliyi ilə əlaqə yaradıb. Agentliyin mətbuat katibi Murad Həşimov saytımıza açıqlamasında faktı təsdiqləyib.

 

Onun sözlərinə görə 5 uşaqda qotur xəstəliyi aşkarlanıb və müayinə, müalicə edilərək müəssisəyə qaytarılıb:

 

“Bir müddət öncə müəssisənin 5 nəfər sakininin 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserində müayinəsi təşkil edilib”.

 

Murad Həşimov qeyd edib ki, müəssisələrimizdəki uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyatı səhiyyə qurumları ilə əməkdaşlıq edilir.

 

Uşaqlar qotura harda və necə yoluxub? Xəstəlik aşkarlandıqdan sonra müəssisə dezinfeksiya edilibmi” sualımıza isə Sosial Xidmətlər Agentliyindən belə cavab verilib:

 

“Sözügedən müəssisədə 24 oktyabr tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən lazımi dezinfeksiya tədbirləri görülüb”.

 

Uşaqların vəziyyətinə gəlincə…

 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub:

 

“Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər”.

 

Qeyd edək ki, 3 saylı uşaq evi ilə bağlı bundan əvvəl də videoşikayət yayılıb. Görüntülərdə müəssisədə qalan yeniyetmələrdən biri iddia edib ki, orada uşaqlar normal qidalanmır, onlara quru çörək verirlər. Ötən il həmin uşaq evindən başqa bir yeniyetmə çok faktlarıaçıqlamışdı.

 

Bundan əlavə sözügedən Uşaq evi ilə bağlı 2022-ci ildə başqa bir dəhşətli faktın üstü açılmışdı. Bu səbəbdən ötən il tez-tez adı qalmaqallarda çəkilən 3 saylı Uşaq evinin dirüktoru vəzifəsindən azad edilmiş, yerinə başqa bir təyinat olmuşdu.

Tacxeber.com

Oxşar xəbərlər