• 23 Noyabr 2024 13:40

Azərbaycandan Lüksemburqa: Prezident Administrasiyasının yüksək çinli məmuru Fransada milyonluq mülkə necə sahib olub?

Azərbaycandan Lüksemburqa: Prezident Administrasiyasının yüksək çinli məmuru Fransada milyonluq mülkə necə sahib olub?

Qeyri – şəffaf maliyyə sövdələşmələri hesabına alınan 5,8 milyon avroluq villa Fransa və Luksemburqda qeydiyyatdan keçən və adı Panama Sənədlərində çəkilən şirkətlər vasitəsilə əvvəlcə Prezident Administrasiyasında çalışan şəxs tərəfindən alınaraq prezident İlham Əliyevin köməkçisinin qardaşına satılıb.

 

Monako knyazlığı ilə Fransa Rivierası arasında yerləşən Villafrance-sur-Mer istirahət şəhərciyi. Villası və geniş bağçası olan mülk Aralıq dənizinin əsrarəngiz gözəlliyinə qucaq açır. 2022-ci ilin gəlişinə bir neçə gün qalır. Villanın azərbaycanlı sahiblərini buraya gətirən səbəb heç də yeni ili vətəndən uzaq, sakit bir məkanda qeyd etmək deyildi. Onlar Fransada sahib olduqları daşınmaz əmlak şirkətini ləğv etmək üçün elə şirkətin hüquqi ünvanında yerləşən “Santa Monica” villasına toplaşmışdılar.

 

Foto: Manfred Ramin,villanın 2008-ci ilədək sahibi olan alman vətəndaşı  

 

On il əvvəl “Santa Monica Investment”in alqı-satqısına dair müqavilədə Pənah Cahangirovun iş yeri göstərilməsə də, onun dövlət qulluqçusu olduğu yazılmışdı. Rəsmi dövlət qəzetlərində dərc olunan məlumatlara görə, Pənah Cahangirov Prezident Administrasiyasında (PA) regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsini icra edib, millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində çalışıb. Azərbaycan qanunları dövlət məmurunun bizneslə məşğul olmasını qadağan edir. Qanunun tələblərinə baxmayaraq, məmurlar hələ də gəlir bəyannamələrini açıqlamırlar.

 

2011-ci ildə sirkətin səhmlərinin 99 faizi yekun sahibinin adı gizli qalan Lüksemburqun “Villefranche Investments S.A.” şirkətindən Pənah Cahangirova, qalan 1 faizi isə müəllimə işləyən həyat yoldaşı Reyhan Hüseynovaya ötürülmüşdü. Notarius Mişel Lallemanın təsdiq etdiyi alqı-satqı müqaviləsindən görünür ki, cütlüyün bu səhmlər üçün ödədiyi təkcə 10 000 avro deyidi. Pənah Cahangirov əvvəlki səhmdar “Villefranche Investments S.A.” şirkətinin təxminən 1 milyon avro olan borcunu da satın almışdı.

Elə həmin sənədə görə, “Santa Monica Investment” MMC-nin azərbaycanlı məmur Pənah Cahangirova 264 828 avro borcu da var imiş. Sənəddə borcun yaranma səbəbləri haqda heç nə deyilmir. Lüksemburq şirkəti səhmlərlə bərabər, Azərbaycan vətəndaşı olan investorlara villanın alınmasından ötrü Dexia/BIL-dən götürülmüş 5,5 milyon avro kredit öhdəliyini də ötürmüşdü.

 

Fransanın “Fəxri Legion” ordenilə təltif olunan professor Reyhan Hüseynova həm də Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin vitse-prezidentidir. Onun atası Kamran Hüseynov Heydər Əliyevlə sovet dövründən tanış idi. “AzərTac” dövlət agentliyinin yazdığına görə, Əliyev Kamran Hüseynovu dahi şəxsiyyət adlandırıb. Reyhan Hüseynovanın hakim partiyanı təmsil edən bacısı Hicran Hüseynova vaxtilə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri olub. Hazırda Milli Məclisin deputatı olan Hicran Hüseynova parlamentin eyni adlı komitəsinə sədrlik edir.

Pənah Cahangirov və həyat yoldaşının sahib olduqları mülk qarajı və zirzəmisi olan birmərtəbəli tikili və qarşısında açıq havada hovuz olan kiçik mətbəxi, qapalı üzgüçülük hovuzu olan dubleks tikilidən ibarət olub. Xanım Hüseynova bu villanın həyətindən mavi dənizin qumsal sahillərinə açılan mənzərəni çəkdiyi şəkilləri sosial şəbəkə hesabında böyük zövqlə paylaşıb. Fransa Rivierasında Azərbaycanın hakim ailəsinin üzvləri də dincəlirlər. OCCRP-nin hələ 2015-ci ildə dərc etdiyi araşdırmada qeyd edilirdi ki, prezident İlham Əliyev, onun ailəsi və yaxın çevrəsi mütəmadi olaraq yaxınlıqda yerləşən Kann və Müqəddəs Tropez kimi cazibədar şəhərlərə yaxtalarla baş çəkirlər.

 

“Santa Monica” villasının 2008-ci ildə imzalanmış satış aktında Pənah Cahangirov və Reyhan Hüseynovanın adına rast gəlinmir. Bunun mülk sahiblərinin xeyrinə olan bir səbəbi var: Şirkət Lüksemburqda qeydiyyatdan keçən üç şirkət vasitəsilə təsis olunub. Həmin şirkətlərdən bir olan “Lannage S.A”nın idarəçiliyi Luxemburq Beynəlxalq Bankının (Dexia/ BIL) törəmə şirkəti olan “Experta”nın o vaxtkı direktoru Jean Bodonidə idi.

“Azərbaycan vətəndaşı Fransada daşınmaz əmlak əldə etmək istəyirsə, bunun üçün Lüksemburqda şirkət qurmağa heç bir səbəb yoxdur, əgər onlar öz kimliklərini və ya əmlak planlaması kontekstində başqa bir şeyi gizlətmək istəmirlərsə”, –  deyə o, “Forbidden Stories”in jurnalistləri ilə telefon danışığında deyib. Minlərlə şirkət yaratdığını deyən 75 yaşlı Bodoni əlavə edib ki, o, Cahangirovlar ailəsini xatırlamır.

 

Ofşor maliyyə mexanizmini yaxşı bilən Jean Bodoninin adı 2016-cı ildə Mossak Fonseka şirkətindən yayılan “Panama sənədləri”ndə yer alan yüzlərlə elektron yazımşa və sənədlərdə qeyd olunur. O, “Eksperta” üçün 1500 ofşor şirkət yaradıb.

Pənah Cahangirovun həyat yoldaşı Reyhan Hüseynova villa haqqında suallara cavab verməkdən imtina edib. O, “Abzas Media”nın əməkdaşı ilə telefon danışığında villanın artıq onlara məxsus olmadığını, illər əvvəl satıldığını vurğulayıb.

 

“Santa Monica” villası doğrudan da illər əvvəl Monakoda qeydiyyatdan keçən “Boulevard Side”  şirkətinə satılıb. Həmin şirkətin sahibi Prezident İlham Əliyevin köməkçisi Şahmar Mövsümovun qardaşı Şahin Mövsümovdur.

Maraqlıdır ki, Şahin Mövsümovun adı hələ alqı-satqı müqaviləsi imzalanmazdan üç il əvvəl tikinti üçün icazə sənədində keçirdi. O, sənədlərdə “Santa Monica Investment”in  adından müraciət edən şəxs qismində çıxış edirdi.

Mövsümov Azərbaycanda ən böyük tikini şirkətlərindən birinin sahibidir.

 

Villa yeni sahibinə satılandan sonra sökülür. Onun yerində yeni layihəyə əsasən dəbdəbəli villanın tikintisi planlaşdırılır.

“Santa Monica” villasının keçmiş sahibi olan 84 yaşlı təqaüdçü, klassik müsiqi mütəxəssisi Manfred Ramin “France 24”dən olan jurnalistlərə  deyib ki, o əvvəl tanış olduğu Cahangirovlar ailəsini çox yaxşı xatırlayır. “Onlar bizi çox qiymətləndirdilər, xüsusən də həyat yoldaşı [Reyhan Hüseynova] musiqiyə çox bələd olduğu üçün evdə royal görmək onu sevindirdi […]  Bizi bir araya gətirən qonşumuz Eldar Qəribovdur”.

Eldar Qəribov Azərbaycanın ən böyük özəl banklarından olan “Unibank”ın sahibidir. 2015-ci ildə Reyhan Hüseynovadan bir il əvvəl o da Fransanın Azərbaycandakı səfirindən “Fəxri Legion” ordeni alıb. Fransa Rivierasına  Cahagirovdan daha əvvəl yerləşən bankir özü də dəniz sahilində 3 milyon avro dəyərində villaya sahibdir.

 

Pənah Cahangirov Luxemburqda qeydiyyatdan keçən və 2006-2010-cu illərdə pambıq biznesi ilə məşğul olan “Consolidated Equipments S.A” şirkətinin direktorlarından biri olub. OCCRP-nin əldə etdiyi “Troyka pulyuma araşdırması” ilə bağlı sənədlərə görə, bu şirkət 2007-ci ildə “Continus Coorperation” şirkətindən DEXİA Beynəlxlaq Bankında açılmış hesabına 256 300 dollar qəbul edib. Pənah Cahangirovun hesabına isə texniki malların alınması məqsədilə 30 000 avro köçürülüb. Qeyd edək ki, Cahangirovlara məxsus villanın alınması üçün nəzərdə tutulan kredit də bu bankdan götürülüb.

“Consolidated Equipments S.A” şirkətinin ikinci direktoru isə geniş əlaqələrə malik azərbaycanlı biznesmen Xaqani Bəşirov olub. O, Azərbaycanda daha çox səhmlərinin 50 faizindən çoxu dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankına (ABB) qarşı açılan cinayət işindən sonra  tanınıb.

 

“Azadlıq Radiosu”nun yazdığına görə, Azərbaycan Beynəlxalq Bankından iki il ərzində xaricdə və ölkə daxilində qeydiyyatdan keçən şirkətlər vasitəsilə 185 milyon dollar həcmində götürdüyü kreditləri qaytarmamaqda ittiham olunan Bəşirov hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, 5 ay sonra azadlığa buraxılıb. Məhkəmə sənədlərinə görə, Azərbaycan Beynəlxalq Bankından kredit götürən 69 xarici şirkətdən biri də “Consolidated Equipments S.A” olub. Şirkət 2011-2015-ci illərdə bu bankdan ümumilikdə 54 milyon manat kredit götürüb.

Xaqani Bəşirov “Forbidden Stories”in jurnalistləri ilə telefon danışığında deyib ki, Pənah Cahangirov dövlət qulluqçusu olmazdan əvvəl pambıqçılıqla məşğul olub. Cahangirovun 25 il ABB-nin keçmiş direktoru Cahangir Hacıyevin tapşırığı ilə bu sektorda çalışdığı deyilir. Cənab Bəşirovun sözlərinə görə, 2000-ci illərin sonunda “Pənah Cahangirovun Cahangir Hacıyevlə problemləri var idi, bank daha onunla əməkdaşlıq etmək istəmirdi, hər şeyini itirdi, hər şeyi satmağa məcbur oldu”, – deyə Xaqani Bəşirov əlavə edib.

 

Böyük Britaniya hökuməti Londonda Cahangir Hacıyevin ailəsinə məxsus 14 milyon funt sterlinq dəyəri olan mənzil və qolf klubunu gəlirin mənbəyini izah edə bilmədiyindən müsadirə edib. OCCRP-nin Milli Cinayət Agentliyindən əldə etdiyi sənədlərdə qeyd olunur ki, Bəşirov Azərbaycanda qeydiyyatdan keçən “Ves Vonciltancy” MMC vasitəsilə Britaniyada Cahangirovlar ailəsinə məxsus qolf klubu, şəxsi təyyarə və bir sıra yaşayış evlərinin alınması məqsədilə pul köçürməsinə şərait yaradıb.

Xaqani Bəşirovun özünə gəldikdə isə, Lüksemburqun hüquq-mühafizə orqanları onun keçmiş fəaliyyətinə nəzarəti gücləndirir. Lüksemburq dövlət prokurorluğundan bildirilib ki, bu ilin “oktyabrında baş tutan 4 günlük dindirmə çərçivəsində cənab Bəşirov saxtakarlıq etməkdə, çirkli pulların yuyulmasında və peşə öhdəliklərinin pozulmasında ittiham edilib”.

 

Bəşirov özü isə “Forbidden Stories”ə  açıqlamasında bu ittihamları rədd edib.

“Lüksemburq illərlə bu işlərin görülməsinə icazə verir, sonra isə öz administrasiyasının nə etməyə icazə verdiyi barədə suallar verməyə başlayır! (…) Başqa yerdə belə şeylər olmur, bu qanuna ziddir!” deyə o vurğulayıb. Bəşirov əlavə edib ki, “Lüksemburq Avropa deyil, bu cəfəngiyyatdır”.

Onun keçmiş ortaqlarından biri olan Pənah Cahangirovun biznez fəaliyyəti ilə bağlı  Prezident Administrasiyasına göndərilən suallara  yazı dərc olunanadək cavab verilməyib.

 

Müəllif: “Abzas Media”

PS.  Araşdırma “Forbidden Stories”in koordinasiya etdiyi “Bakı ilə bağlantı” layihəsi çərçivəsində “Abzas Media”, “D’Lëtzebuerger Land”, “France 24” və  OCCRP-nin jurnalistləri tərəfindən aparılıb. “Abzas Media”nın jurnalistləri həbslərindən qısa müddət əvvəl Prezident Administrasiyasının yüksək çinli məmuru haqqında apardıqları araştırmanın ilkin versiyasını “Safebox Network”ə yerləşdirərək qoruya biliblər.

Tacxeber.com

Oxşar xəbərlər