• 16 Noyabr 2024 06:22

Trampın əlində “bütün daşları tərpətmək” şansı var -2025 hesabatında onun da adamları işləyib…

Respublikaçı Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra bütün dünyada xüsusi maraq doğuran hadisələrdən biri də Vaşinqtonun bundan sonra yürüdəcəyi xarici siyasətdir. Məsələ burasındadır ki, Demokratların dönəmində ABŞ daha çox savaşlara cəlb olundu, ölkənin nüfuzu əhəmiyyətli dərəcədə zədələndi. Hətta bu hal artıq ABŞ cəmiyyətində də ciddi yorğunluğa və narazılığa səbəb olub. Donald Trampın dönəmində buna son qoyulacağına böyük ümidlər bəslənir.

 

Qeyd edilənlər fonunda qələbəsindən sonra Floridada tərəfdarları qarşısında çıxış edən Tramp deyib ki, bu, Amerika xalqı üçün möhtəşəm qələbədir: “Bu, bizə Amerikanı yenidən möhtəşəm etməyə imkan verəcək”. Dünyanin bir çox ölkələri də artıq Trampı təbrik etməyə başlayıblar. Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edərək xatırladıb ki, onun birinci prezidentliyi dövründə Azərbaycanla ABŞ arasında münasibətlər dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnib.

 

Dövlət başçısı ümid etdiyini bildirib ki, Trampın yeni prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaq: “Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik”. Donald Trampın Ağ Evə qayıdışı ABŞ-ın xarici siyasətini yenidən formalaşdırmağı, dünyada müharibə kimi çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir.

 

Seçki kampaniyası zamanı Tamp “Birinci Amerikadır” prinsiplərinə əsaslanan geniş siyasət vədləri verdi. Onun qələbəsi paralel böhranların mövcud olduğu uzun illər ərzində ABŞ-ın xarici siyasətə yanaşmasındakı potensial çatışmazlıqlara işarə edir. Elə bu fonda hələ cari ilin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı da prezident İlham Əliyev ona diqqət çəkmişdi ki, Tramp dönəmində ABŞ müharibələr başlamayıb: “Bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq.

 

 

Mənim fikrimcə, prezident Trampın kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər. İkinci tezis də çox əhəmiyyətlidir. Bu mövzuya, necə deyərlər, uzun-uzadı və dərindən toxunmaq istəmirəm, amma indiki halda, ilk növbədə, ABŞ-ın özü və onun bilavasitə təsiri altında olan ölkələr üçün ikinci tezis də vacibdir. Bu, təbii ki, ənənəvi dəyərlərdən gələn məsələ ilə bağlı aydın mövqedir. Zənnimcə, Azərbaycan xalqının mütləq əksəriyyəti nəinki bu mövqeyi bölüşür, həm də onu fəal şəkildə təbliğ edir və əməldə həyata keçirir”. əslində, Azərbaycanın bu yanaşmasını dünyada bölüşənlərin sayı yetırincədir.

 

 

Onu da xatırladaq ki, Donald Tramp seçki kampaniyası boyunca Ağ evə geri dönərsə, nələrin dəyişəcəyi barədə böyük vədlər verdi: “Sizin dəstəyinizlə biz dövlətimizin gücünü, üstünlüyünü, rifah və qürurunu geri qaytaracağıq. Bu, Amerikanın yeni qızıl dövrü olacaq”. Trampın dəstəkçiləri onun həm ölkə daxilində, həm də ölkə xaricində Amerikanı “yenidən böyük” edəcəyinə inanırlar. Ona qarşı olanlarsa Trampın ABŞ-də demokratiyaya ziyan vuracağına dair xəbərdarlıq edirlər.Tramp tez-tez öz siyasi rəqiblərinə qarşı kəskin ifadələr işlədib, onları daxildəki düşmənlər adlandırıb və seçkidən sonra xaos yaranarsa, ordunun gücü ilə onların öhdəsindən çox asanlıqla gəlinə biləcəyini söyləyib. Vəzifəsini tamamlayan və seçkidə uduzan Kamala Harris onun bu sözlərindən sonra Trampın intiqama fokuslanan, narazılığın yeyib bitirdiyi və nəzarətsiz güc axtarışında olan adam olduğunu deyib. Ölkə daxilində ABŞ-nin məhkəmə sistemi Trampın təmizlik aparması gözlənilən sahələrdən biridir. Bu, xeyli dərəcədə onun birinci prezidentlik dövrü ilə bağlı çoxsaylı cinayət işinin olmasından qaynaqlanır. Həmin cinayət işləri arasında seçkiyə müdaxiləyə dair iddialar və 2020-ci ildə seçkidə yeniləndən sonra hakimiyyətin ötürülməsi prosesini sıradan çıxarmaq cəhdləri də daxildir. Tramp Kapitoli binasına 6 yanvar hücumuna qatıldığına görə həbs edilən dəstəkçilərini mütləq əfv edəcəyini də deyib. 2021-ci il yanvarın 6-da Trampın bir qrup dəstəkçisi Co Baydenin qələbəsinin təsdiqlənmə prosesini əngəlləmək üçün Konqres binasına hücum etmişdi.

 

Bütövlükdə, bir çoxlarının proqnozuna görə, Tramp Vaşinqtonda yerləşən sağyönlü beyin mərkəzi “Heritage” Fondunun hazırladığı “Project 2025” sənədindən öz siyasəti üçün qəlib kimi yararlanacaq. Tramp seçki kampaniyası dövründə özünü “Project 2025”dən uzaq tutub və onun kimə aid olduğunu bilmədiyini iddia edib. Ancaq araşdırmalar nəticəsində məlum olub ki, bu sənədin hazırlanmasında Trampın əvvəlki administrasiyasında çalışmış, azı, 140 nəfər iştirak edib. Böyük ehtimalla, ABŞ-nin dünyada öz gücünü göstərmə tərzi də dəyişəcək. Tramp Rusiyanın Ukraynada apardığı müharibəni 24 saatda bitirə biləcəyini söyləyib. Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qruplara qarşı İsrailin iki cəbhədə apardığı savaşa gəlincə, Tramp İsraili işi bitirməyə çağırıb. ABŞ-ın Boston Kollecinin siyasi elmlər professoru Piter Skerri Trampın Moskva ilə Kiyev arasında bəlli bir çözüm əldə edilməsi üçün təzyiq edəcəyini gözlədiyini deyir. Onun proqnozuna görə, bu, Ukrayna tərəfi üçün böyük güzəştlər demək anlamına gələcək.

 

Skerrinin fikrincə, Trampın İsraillə bağlı nə edəcəyi daha az bilinir. Ancaq Tramp İsraili sonunadək dəstəkləyəcəyini və üstəlik, ərəb-İsrail münasibətlərinin normallaşmasına yönəlmiş “İbrahim sazişi”ni dirçəltməyə çalışacağını deyib. “İbrahim sazişi”Trampın hakimiyyəti  dövründə – 2020-ci ildə, öncə İsraillə BƏƏ və Bəhreyn arasında imzalanan, həmin ilin sonunda Mərakeş və Sudanın da qoşulduğu silsilə sazişlərdir. Trampın müttəfiqləri tez-tez onun gözlənilməzliyini diplomatik üstünlük kimi təqdim ediblər, lakin artıq tarixi bir böhranın ortasında olan, son dərəcə çəkişməli və qeyri-sabit Yaxın Şərqdə onun müharibələri necə dayandıracağı aydın deyil. Tramp birinci prezidentliyi dövründə Çinə qarşı ticarət savaşı başlatmışdı. Bu dəfə o, Pekin Tayvanın üstünə gedərsə, Çində istehsal olunan məhsullara sərt tariflər tətbiq edəcəyinə söz verib. Tramp daha öncə Çinin Tayvanı blokadaya məruz qoymaq cəhdinin qarşısını almaq üçün ABŞ-ın hərbi gücündən yararlanmayacağını deyib. O bunu Çin lideri Si Cinpin ilə münasibətlərinə görə etməyəcəyini söyləyib. Dördillik prezidentliyi dövründə Tramp NATO üzvlərinə tələb olunan müdafiə xərclərini ayırmaları üçün basqı göstərib. O zamandan bəri üzvlərin çoxu bu öhdəliklərini yerinə yetirib. Trampın prezidentliyi dövründə ABŞ BMT-nin mədəniyyət qurumu- UNESCO-dan, Rusiya ilə “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında”müqavilədən, İranla dünya güclərinin bağladığı nüvə sazişindən və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına dair Paris Razılaşmasından geri çəkilib.

 

Dünya Səhiyyə Təşkilatının koronavirus pandemiyasına reaksiyasına görə onun maliyyələşdirilməsini dayandırıb. Bayden administrasiyası ABŞ-ın bu razılaşma və qurumlardakı təsirini bərpa etməyi qarşısına məqsəd qoysa da, indi bir çoxları Trampın hakimiyyəti dövründə daha bir geriləmənin baş verəcəyini proqnozlaşdırır. Skerri deyir ki, Tramp daxili məsələlərə fokuslanan məqsədyönlü aktordur. Onun sözlərinə görə, Trampın yenidən öz relslərinə qayıdıb Vaşinqtonun bəzi dünya qurumlarındakı rolunu məhdudlaşdıracağını görmək təəccüb doğurmayacaq.

Tahir Tağıyev

Tacxeber.com

Oxşar xəbərlər