• 17 Noyabr 2024 19:35

İstintaq Təcridxanasında saxlanılan xanım “AbzasMedia”-çılara zor tətbiq edilib.

İstintaq Təcridxanasında saxlanılan Nərgiz Absalamova, Elnarə Qasımova və Sevinc Vaqifqızı zorakılığa məruz qalıb.

 

Abzas Media yazır ki, məlumatı Sevinc Vaqifqızı ailəsilə görüşdə verib.

 

Nərgiz Absalamova saxlanıldığı kameranın nəfəsliyinin bağlanmasına etiraz edib. Bu zaman Şəhla adlı nəzarətçi jurnalisti ağır sözlərlə təhqir edib. Mübahisəyə reaksiya verən Sevinc Vaqifqının etirazından sonra onun da kamerasının nəfəsliyini bağlayıb. Sevinc qapıları döyəcləyərək nəfəsliklərin açılmasını tələb edib və buna digər kameralarda saxlanılanlar da qoşulublar.

 

Nəzarətçi Əzizə Məmmədova Sevincin nəfəsliyini açaraq ona qışqırıb. Jurnalist qolunu nəfəslikdən çölə çıxararaq onun bağlanmasına mane olmağa çalışanda isə nəzarətçi nəfəsliyin qapısını bağlayaraq onun qolunu sıxıb. Hazırda Sevincin biləyində iri göyərtilər, baş və orta barmaqlarında isə damarların partlaması nəticəsində qaralmalar var.

 

Eyni xəsarət izləri Nərgiz Absalamova və Elnarə Qasımovada da var.

Əzizə Məmmədova eyni zorakılığı Nərgiz Absalamovaya da edib və onun çiynindən itələyib, qolundan sıxıb.

 

Baş redaktor əlavə edib ki, növbəti dəfə Elnarə Qasımova və Nərgiz Absalamova onun kamerasına yaxınlaşıb görüşmək istəyəndə Aynur Heydərova adlı nəzarətçi onlara hücum edib. Jurnalistin sözlərinə görə, nəzarətçi Nərgizi çiynindən itələyib. Onun çiynindəki göyərmələr isə bunun nəticəsidir.

 

Sevinc bildirib ki, məsələ bununla da bitməyib. Bu hadisədən sonra Vahid adlı nəzarətçi məhbuslara hədə-qorxu gələrək Elnarə Qasımova əleyhinə məcburi ifadə yazdırıb və onun nəzarətçini vurduğunu gördüklərini qeyd etmələrini tələb edib.

Sevinc Vaqifqızının sözlərinə görə, bununla Elnarə Qasımovanı provokasiyaya çəkmək və onun barəsində yeni cinayət işinin açılmağına nail olmaq istəyirlər.

 

Sevinc əlavə edib ki, Vahid adlı nəzarətçi oradakı digər məhbusları təhdid edir və özlərini yaxşı aparmasalar axırlarının jurnalistlər kimi olacağını deyir.

 

Sevinc Vaqifqızı qeyd edib ki, Nərgiz Absalamovaya qarşı da təxribat yaradılır və digər məhbuslara ailələri ilə açıq görüşün ona görə verilmədiyi deyilir.
“Abzas Media”nın həbsdəki baş redaktoru vurğulayıb ki, onlara qarşı təzyiqlərə son verilməsə, aclıq aksiyasına başlayacaqlar.

Tacxeber.com

Oxşar xəbərlər