• 27 Noyabr 2024 12:03

Azərbaycanın “F-16”dan da güclü qırıcıları olacaq – Yeni hədəf

Polkovnik: “Çinin beşinci nəsil “F-10C Vigorous Dragon” gözəgörünməz qırıcıları sınaqdan uğurlu çıxsa, Azərbaycan onu ala bilər”

 

Azərbaycan Çinin beşinci nəsil “F-10C Vigorous Dragon” gözəgörünməz qırıcılarına maraq göstərir. Belə ki, “EurAsian Times” noyabrın 15-də Çində keçirilən aviasiya sərgisi zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Namiq İslamzadənin “J-10CE” kimi tanınan bu qırıcıların ixrac versiyasını əks etdirən fotoşəkildə görüntülənməsi əsasında belə qənaətə gəlib.

 

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, azərbaycanlı komandan çinli həmkarı general Çanq Dinqyu ilə də görüşüb. “Görüşdə Azərbaycan və Çin Hərbi Hava Qüvvələri arasında hərbi və hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub”.

 

Açıqlamada Azərbaycanın Çin təyyarələrinə maraq göstərməsi barədə heç nə deyilmir. Lakin sosial şəbəkələrdə yayılan general İslamzadənin “J-10CE” qırıcısı ilə çəkdirdiyi foto ekspert dairələrində Bakının onları almaqda maraqlı ola biləcəyi ilə bağlı fikirlərə zəmin yaradıb.

 

Məlumdur ki, Azərbaycan artıq Pakistan-Çin əməkdaşlığı çərçivəsində hazırlanmış “JF-17” Blok III təyyarələrini sifariş edib və ilk partiya artıq Azərbaycana çatdırılıb. O da bildirilir ki, Çin Yaxın Şərqdə öz təyyarə bazarını aqressiv şəkildə təşviq edir, “J-10C”ni ABŞ-ın “F-16” “Döyüş Şahinləri”, Avropanın “Eurofighter Typhoons” və Fransanın “Rafael”lərini daha yaxşı əvəz edən kimi təqdim edir. Üstəlik, Çin təyyarələri qiymət baxımından da rəqabətə davamlıdır: bir vahidin qiyməti təxminən 40-50 milyon ABŞ dolları təşkil edir.

 

Azərbaycanı bu qırıcılara nə dərəcədə ehtiyacı var? “F-16″dan üstün göstəriciləri varmı?

 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Çinin hərbi sənayesi gün-gündən daha da inkişaf edir. Çinin hərbi sənayesinin istehsal etdiyi silahlar heç də hərbi sənayesi güclü olan digər ölkələrin silahlarından geri qalmır. Bu gün hərbi sənayesini ən sürətlə və bütün istiqamətlər üzrə inkişaf etdirən ölkələr sırasında Çin ilk beşliyə düşür: “ Bu, ölkə yeni nəsil silahlar, PUA-lar, hərbi təyyarələr və digər bu kimi silahlar, texnikalar istehsal edir və çox böyük uğurlara imza atır. General-leytenant Namiq İslamzadənin haqqında söhbət gedən sərgidə iştirakı və “J-10C” kimi tanınan Çin istehsalı qırıcıların ixrac versiyasını əks etdirən fotoşəkildə görüntülənməsi təsadüfi deyil. Namiq İslamzadəni mən çox gözəl  tanıyıram. O, aviasiya sahəsində böyük mütəxəssisdir, gənc yaşlarından general-leytenant rütbəsinə gəlib çatana qədər aviasiya sahəsində böyük nailiyyətlər əldə edib və çox böyük təcrübəyə malik gözəl pilotdur, bütün təyyarələrdən yaxşı anlayışı var. Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı kimi İslamzadənin o sərgidə iştirak etməsi Azərbaycanın Çin hərbi sənayesinin məhsullarına, o sırada “J-10C” kimi tanınan Çin istehsalı qırıcılarına marağının olduğunun göstəricisidir. Çin Pakistanla birlikdə “JF-17” qırıcı tayyərələri də istehsal edir və çox uğurla sınaqdan keçirilib.

 

Bu silahlar əhatə dairəsi göstərcilərinə görə Azərbaycanın ərazisinə də uyğundur. Həmin təyyarələrin ilk partiyasını Azərbaycan artıq əldə edib. Komandan İslamzadə belə məlum olur ki, “J-10C” təyyarələri ilə maraqlanıb. Yəqin ki, “J-10C”nin bütün Azərbaycan üçün bütün müsbət və mənfi tərəflərini öyrənmək qərarına gəlinib. Bu istiqamətdə yəqin bir müddət araşdırmalar gedəcək. Azərbaycana sərf etdiyi qənaətinə gəlindiyi halda ölkəmiz həmin silahları da əldə edə bilər. Bir şərtlə ki, Çin dövləti “J-10C”ni satışa çıxardığl halda. Bilirsiniz ki, yeni nəsil silahlar satışa çıxarılmamışdan öncə onu öz ordusunun silah arsenalına qəbul edir, ordu təmin olunduqdan sonra digər dövlətlərə satışı həyata keçirirlər. Hansı dövlətə satmaq da mühüm rol oynayır. Yeni nəsil silahlar heç də hər dövlətə satılmır.

Azərbaycan yeni nəsil silahları alan ölkələrdəndir və yəqin ki, gələcəkdə “J-10C”ni də ala bilər. Bu təyyarələr 5-ci nəsil təyyarələrdir və yeni istehsal edildiyi üçün onun göstəricilərinin ABŞ-ın F-16 “Döyüş Şahinləri”, Avropanın “Eurofighter Typhoons” və Fransanın “Rafael”lərindən üstün və zəif tərəflərinin müqayisə edilməsi üçün yetərli informasiya yoxdur. Ümumən nəzəri cəhətdən söyləyə bilərik ki, Çinin son zamanlar yeni nəsil silahların istehsalında böyük sıçrayış əldə etməsi faktı “J-10C” gözəgörünməz qırıcı təyyarəsinin adıçəkilən təyyarələrdən geri qalmayacağı inamını yaradır. Dəqiq olan odur ki, Çin istehsalı olan təyyarələrin ABŞ, Fransa təyyarələrin qiymətindən xeyli dərəcədə münasibdir”.

 

Ekspert vurğuladı ki, Çinin beşinci nəsil “F-10C Vigorous Dragon” gözəgörünməz qırıcıları sınaqdan uğurlu çıxsa Azərbaycan onu ala bilər.

Tacxeber.com

Oxşar xəbərlər