• 21 Noyabr 2024 14:02

Tarixin ən ölümcül təbii fəlakətlərindən biri

 

12 noyabr 1970-ci il, tarixin ən ölümcül təbii fəlakətlərindən biri baş verir: Bhola siklonu nəticəsində Pakistanın Şərqi Pakistan (indiki Banqladeş) və Hindistanın Qərbi Benqaliya vilayətlərində 500 minə qədər adamın öldüyü təxmin edilir.

 

Britaniya hakimiyyətinin başa çatmasından sonra Hindistan ərazisində iki dövlət yarandı: Hindistan və müsəlmanlardan ibarət Pakistan. Öz növbəsində Pakistan da iki hissədən ibarət idi: dövlətin əsas hissəsi (bu, indiki Pakistan deməkdir) və bir də ondan 2 min km şərqdə yerləşən Şərqi Pakistan. Bu iki parçanın arasında Hindistan yerləşirdi. Bhola siklonu da Şərqi Pakistana hücum çəkdi.

 

Fırtınanın yaratdığı dalğaların hündürlüyü bəzi yerlərdə 10 metrə çatırdı. Bir neçə adada bütün sakinlər öldü. Şərqi Pakistan və Qərbi Benqaliyanın bir hissəsini su basdı. Təbii ki, sahilə yaxın yaşayanlar daha çox zərər gördülər. Şərqi Pakistanda 77 min balıqçıdan 46 mini həlak oldu. Sağ qalanların, demək olar, yarısı ağır yaralandı. Əkin sahələri məhv oldu, 280 min iribuynuzlu mal-qara, 500 min ev quşu öldü, 400 min ev dağıldı. İnsan ölümlərinin sayı isə 300-500 min arasında təxmin edilir.

 

Pakistan hökumətinin hadisələrə gec və qeyri-adekvat reaksiya verməsi banqladeşlilərin narazılığına səbəb oldu. Dekabrda keçirilən seçkilərdə Şərqi Pakistana aid Avami liq partiyası qalib gəldi. Bu da təsadüfi deyildi. Şərqi Pakistana “kiçik qardaş” rolu ayrılsa da buradakı əhali əsas Pakistandakından çox idi və onlar da əsasən Avami liqə səs verirdilər. Amma ölkə prezidenti Yəhya xan (kökəncə qızılbaş, yəni azərbaycanlı) partiyanın sədri Mcibur Rəhmana hökumət qurmaq üçün mandat vermədi, Rəhman da öz növbəsində Şərqi Pakistanın müstəqilliyini elan etdi və yeni dövlətin adının Banqladeş olduğunu bildirdi.

 

Nəticədə ölkədə vətəndaş müharibəsi başladı. Pakistanla düşmən münasibətdə olan Hindistan, təbii ki, vəziyyətdən istifadə etdi və banqladeşlilərə hərbi kömək göstərdi. Beləcə, Üçüncü Hindistan-Pakistan savaşı başladı. Əsas ərazidən 2000 km uzaqda yerləşən anklavda qalibiyyətli hərbi əməliyyatlar aparma asan deyildi. Təəccüblü deyil ki, pakistanlılar ağır məğlubiyyətə uğradılar. 1971-ci il dekabrın 16-da Banqladeşdəki Pakistan qoşunlarının komandiri general Niyazi təslim oldu.

 

Beləcə, təbii fəlakət əvvəlcə vətəndaş müharibəsinə, sonra dövlətlərarası müharibəyə, nəhayət, yeni dövlətin yaranmasına səbəb oldu. Bu da tarixdə nadir hadisədir. Yəhya xan isə istefa verməli oldu.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər