• 21 Noyabr 2024 10:48

Bu həkimlər özlərini qadınların çılpaq şəkli ilə reklam edir

Bu həkimlər özlərini qadınların çılpaq şəkli ilə reklam edir

 

İnsan cəmiyyəti üçün hakim və həkim peşəsi qədər həssas olan sahə tanımıram. Bu iki peşənin hər ikisi insan taleyi ilə bağlı həlledicidir. Bu sahələrdə edilən səhvlərin geri dönüşü yoxdur. Həkim və hakimlər o qədər məsuliyyətli olmalıdırlar ki, bu məsuliyyətin sərhədi yoxdur. Təbii ki, vicdan varsa.

 

Mən həkimlərdən danışmaq istəyirəm. Səhiyyənin durumundan. Necə ki, nəinki son günlər, hər zaman problemləri ilə gündəmdə olub. Amma heç vaxt səlahiyyətli orqanlar bu can bazarına “dur” deməyiblər. Vəziyyət o qədər bərbad durumdadır ki, illərlə səhiyyəyə rəhbərlik edən Oqtay Şirəliyev adi qip xəstəliyində belə nazirlik etdiyi quruma tabe olan xəstəxanalara, həkimlərə etibar etməyib xaricə üz tutur.

 

İndi bu sahədəki başqa bir problemi həmkarımız Qənirə Ataşova gündəmə gətirib. ŞOK fakt açıqlayıb. Bildirib ki, Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib edilib. 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunur. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz.

 

O 50 həkimin siyahısını açıqlayıb və bildirib ki, bu həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Həmin cərrahların daha da inandırıcı görünmək üçün xaricdə qısamüddətli kurslara qatıldıqlarını qeyd edib: “Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “beynəlxalq sertifikatlı estetik cərrah” olduqlarını iddia edirlər. Sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”.

 

Həmin estetik cərrahların estetik qavramlarını bir kənara qoyaq. (Burada estetikaları başlarına dəysin demək istərdim). Bu, İNSAN TALEYİNƏ VERİLƏN DƏYƏRDİR. Həmin sənədlərdəki imzanın müəllifləri – Səidə Rüstəmova və İlqar Qasımovun Azərbaycan vətəndaşlarına münasibəti, qanunlara məhəl qoymamalarıdır. Elə bunun nəticəsidir ki, sosial şəbəkələr plastik əməliyyatlardan sonra bədənlərinin müxtəlif nahiyələri çürüyən qadınların fotoları ilə doludur. Biabırçılıqdır.

 

Amma mən bir müddət əvvəl bununla bağlı daha bir biabırçılığa şahidlik etdim. Bəlkə də bundan çoxlarının xəbəri var, amma mən ilk dəfə idi qarşılaşırdım. Açıq deyim ŞOKA düşdüm.

 

Özünü plastik cərrah adlandıran həkimlərdən biri haqda redaksiyamıza şikayət daxil olmuşdu. Mövzu eyni idi. Bildirilirdi ki, qadınları estetik əməliyyat edən bu 30 minlik cərrahlardan biri əslində heç ali təhsilini başa vurmayıb. Təsəvvür edirsiniz, Tibb Universitetinin Ümumi Cərrahiyyə fakultəsinin tələbəsi, rezidenti olan bu qoçaq plastik cərrah kimi fəaliyət göstərmək üçün lisenziya ala bilib. Amma onun nəinki əməliyyat, heç xəstəni müayinə etmək səlahiyyəti də yox imiş. Həmin “həkimin” instaqram səhifəsini də mənə göndərmişdilər.  ŞOK yaşadığım məqam da onun səhifəsi ilə bağlı idi. İlahi, əməliyyata gələn qadınların lüt, anadangəlmə çılpaq foto və videolarını necə paylaşmaq olar? O qadınların yalnız üzü bağlı idi. Bədənləri ən intim yerlərinə qədər açıq şəkildə çəkilib sosial şəbəkəyə yerləşdirilmişdi. Görüntüləri izəyəndə o qədər pis hisslər keçirdim ki… Həkimin əxlaq sərhədsizliyini bir kənara qoyuram, buna icazə verən qadınlar niyə belə görüntülərinin paylaşılmasına razılıq verirlər?! Əlim üzümdə qalmışdı. Bəlkə də mən geridə qalmışam. Amma irəlidə olmaq budursa, belə müasirliyi qəbul etmirəm. Biabırçılıq, abır-həyanın olmamasından başqa bir şey deyildir bu?

 

Gəldik məsələnin gündəm olan hissəsinə!

 

Məlum olur ki, bu insan qəssabları, o qəssabların sahibləri jurnalistə qarşı total hücuma keçiblər. Onu ailəsi, övladları ilə hədələyirlər.

 

Artıq bir neçə gündür ki, bu həkimlərin siyahısı açıqlanıb. Məni bir məsələ düşündürür? O həkimlər, o həkimlərə əməliyyat icazəsi verən, rüşvət alan səlahiyyətli şəxslərlə bağlı hər hansı tədbir görülübmü? Görülməyibsə, niyə? Axı biz hüququn ali olduğunu düşünürük. Hüquq isə o zaman ali olur ki, insan taleyinə qarşı cinayət törədən şəxslər həmin aliliyin qarşısında boynu bükük dayanırlar. Dövlət, cəmiyyət ilahi ədalətlə deyil, qanunun tələb etdiyi ədalətlə idarə olunur axı… (Elnur Məmmədli)

Tacxeber.com

Oxşar xəbərlər