• 21 Noyabr 2024 22:19

Həbsdəki ictimai fəalın xanımı ərinin özünə xəsarət yetirdiyini deyir

Nijat İbrahim bir neçə il öncə ağzını tikib, aclıq etməklə polislərə qarşı etiraz aksiyası keçirmişdi.

 

Noyabrın 20-də həbsdə olan ictimai fəal Nicat İbrahimin saxlandığı Bakı İstintaq Təcridxanasında özünə xəsarət yetirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna bilgi verən həyat yoldaşı Pərvin İbrahimlinin sözlərinə görə, ictimai fəal heç bir cinayət törətmədiyi halda, həbsdə saxlanmasına, istintaqın obyektiv aparılmamasına etiraz olaraq özünə qəsd edib.

 

N.İbrahim sentyabrın 9-da paytaxtdakı 3-cü mikrorayon bazarının yaxınlığında bir nəfəri bıçaqla yaralamaqda suçlanır. O özünü təqsirli saymır və xəsarət aldığı iddia edilən şəxsi tanımadığını, həmin vaxt üstündə, ümumiyyətlə, bıçaq olmadığını deyir. Üstəlik, olay yerindəki videogörüntülərin çıxarılmasını tələb edir.

 

“Güzgü parçası ilə boğazını, qulağını kəsib”

“Ərazi videokameralarla doludur, amma istintaq görüntüləri çıxarmır. Nicat da istintaqın obyektiv aparılmamasına, görüntülərin çıxarılmamasına etiraz olaraq özünə qəsd edib. Deyir ki, dörd il əvvəl bir dəfə şərləyib ilyarım saxladılar, ikinci dəfə buna imkan vermək niyyətində deyil. Güzgü parçası ilə boğazını, qulağını kəsib”, – P.İbrahimlinin sözləridir.

 

İctimai fəal noyabrın 21-də ailə üzvləri ilə əlaqə saxlayıb. Xanımı deyir ki, təcridxanada yaşananları onlara özü xəbər verib: “Vəziyyəti ağırdır, zorla danışırdı. Bizimlə vidalaşdı. Dedi ki, başıma bir iş gəlsə, soyuqqanlı olun. Çox nigaranıq, səlahiyyət sahiblərindən xahiş edirəm, günahsız insanın, üç azyaşlı uşağın atasının taleyi ilə oynamasınlar…”.

 

Penitensiar Xidmətdən “Turan”a bildirilib ki, səslənən tələblərin Penitensiar Xidmətə aidiyyəti yoxdur: “Belə olan halda, aidiyyət üzrə müraciət edilir və məsələ araşdırılır”.

 

Xatırlatma

N.İbrahimə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə dayanılaraq ittiham verilib. Bu maddədə 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

 

İctimai fəal daha öncə – 2020-ci ilin iyulunda Prezident Administrasiyasının önündə “İlham Əliyevə istefa” tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. N.İbrahim o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi.

 

O, bir neçə il öncə ağzını tikib, aclıq etməklə polislərə qarşı etiraz aksiyası keçirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər