Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən”
Naftalanda “WhatsApp” vasitəsi ilə fala baxan şəxs qadının 22 min manatını ələ keçirib.
Tacxeber.com-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1997-ci ildə Goranboy rayonunun Veyisli kəndində anadan olmuş X.C. adlı şəxs saxlanılıb.
Naftalan şəhər sakini V.Ə. adlı qadın “WhatsApp” vasitəsi ilə X.C.-ya yazaraq, nə vaxt ailə həyatı quracağı ilə bağlı sual verib. X.C isə özünü Zamiq kimi təqdim edərək, onda qeyri-adi güclərinin olduğunu deyib və onunla evlənəcəyi vədini verib. “Məndə qeyri-adi güclər var, mənimlə evlənəcəksən”, deyə falçı qadına bildirib.
V.Ə. bir müddət Zamiqlə yazışaraq, ona inanmağa başlayıb. Təqsirləndirilən şəxs qadının inamından istifadə edərək 2024-cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündən iyun ayının 14-dək olan müddət ərzində ondan 18.000 manat pul, bir ədəd qızıl boyunbağı (4194 manat dəyərində) və bir ədəd qızıl kulon (247 manat dəyərində) alıb. X.C. ümumilikdə zərərçəkmiş qadının 22442 manat dəyərində əmlakını və pulunu mənimsəyərək, yoxa çıxıb.