Fəlakət ssenarisi: 30 milyon insanın həyatı təhlükə altındadır
İqlim dəyişikliyi və təbii fəlakətlər XXI əsrin ən böyük qorxusudur. 2100-cü ilə qədər 30 milyon insanın bu səbəbdən həyatını itirəcəyi gözlənilir. İsti dalğalara, qida çatışmazlığına və havanın çirklənməsinə qarşı mübarizə aparmalı olan bəşəriyyət təcili tədbirlər görməsə, fəlakətlə üzləşəcək.
Tacxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, alimlər iqlim dəyişikliyinin və havanın çirklənməsinin təsirləri ilə bağlı apardıqları araşdırmalarda qorxulu mənzərə yaradıblar. Maks Plank Kimya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, bu iki amilin 2100-cü ilə qədər təxminən 30 milyon insanın ölümünə səbəb ola biləcəyi təxmin edilir.
Tədqiqat 2000-2090-cı illər arasında 10 illik fasilələrlə məlumatların təhlili yolu ilə həyata keçirilib. Tapıntılar göstərir ki, ölümlər xüsusilə Cənubi və Şərqi Asiyada cəmləşəcək. Bölgənin qocalması və havanın çirklənməsi ilə bağlı davamlı problemlər bu pessimist proqnozun əsas səbəblərindəndir.
Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Asiya-Sakit okean hövzəsi kimi yüksək gəlirli regionlarda ekstremal temperaturlara görə ölümlərin havanın çirklənməsi səbəbindən ölümlərdən çox olacağı gözlənilir. Xüsusilə ABŞ, İngiltərə, Fransa, Yaponiya, Yeni Zelandiya kimi ölkələrdə bu tendensiya artıq özünü göstərməyə başlayıb.
Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi son hesabatda xəbərdarlıq edilir ki, əsrin sonuna qədər bütün dünyada temperatur 3,1 dərəcə arta bilər. Bu artım “fəlakət ssenarisi” hesab edilir.