Fransa ordusu Ukraynaya girəcəkmi: xarici işlər naziri: “İstisna deyil…”
Fransanın xarici işlər naziri Jan-Noel Barro “BBC”yə verdiyi müsahibədə Ukraynaya təqdim edilən uzunmənzilli raketlərin Rusiya hədəflərinə qarşı “özünümüdafiə məntiqində” istifadə oluna biləcəyini bildirib.
O, bu cür silahların indiyədək bu məqsədlə istifadə olunub-olunmadığını dəqiqləşdirməyib.
Barro Qərb ölkələrinin Ukraynaya verdiyi dəstəyin məhdudlaşdırılmaması və bu məsələdə “qırmızı xətlərin” çəkilməməsi gərəkdiyini vurğulayıb. O, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edərək, Qərbin bu istiqamətdə daha fəal rol almasının zəruriliyini ifadə edib.
Fransa ordusunun iştirakı mümkündürmü?
Müsahibə zamanı Fransanın hərbi qüvvələrinin Ukraynadakı döyüş əməliyyatlarına birbaşa qatılıb-qatılmayacağı ilə bağlı sualı cavablandıran Jan-Noel Barro “Biz heç bir variantı istisna etmirik” deyə bildirib.
Bu açıqlama Fransanın Ukrayna müharibəsində mövqeyini daha da sərtləşdirə biləcəyi ehtimalını gündəmə gətirib.
Böyük Britaniya ilə əməkdaşlıq
Barro bu müsahibədən bir gün əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə müzakirələr aparıb. Görüşdə Ukraynaya hərbi və humanitar dəstəyin artırılması, Rusiya ilə bağlı sanksiyaların gücləndirilməsi və Avropanın təhlükəsizlik məsələləri müzakirə edilib.