Putinin “Oreşnik”i Ukraynanı və onu dəstəkləyənləri çəkindirə bildimi?
Həmin hadisədən (21 noyabr) sonra Ukrayna Rusiya ərazisinə ABŞ raketləri ilə daha 2 zərbə endirib. Ayın 23-də Kursk vilayəti ərazisində S-400 zenit-raket kompleksi dəqiq ATACMS zərbəsi ilə məhv edilib. (Fotonu görürsünüz.) Hadisə zamanı S-400 divizionunun komandiri və qərargah rəisi də daxil olmaqla, Rusiya ordusunun 5 zabiti ölüb. (Foto şərh hissəsində). Qurğuya xidmət göstərən istehsalçı şirkətin (“Almaz-Antey”) 3 mütəxəssisi isə ağır yaralanıb.
İkinci zərbə bu gecə Kursk vilayətindəki “Xalino” aviabazasına endirilib. Hadisənin videosunda (aşağıda) raketlərin aerodroma düşdüyü görünür, amma hələlik nəyin hədəf alındığı məlum deyil.
Putin 21 noyabrdakı təcili çıxışında 2 böyük yalan danışıb. Birincisi, “Oreşnik”in hədəf aldığı böyük sənaye kompleksinin (“Yujmaş” müəssisəsi) vurulması yalanı. Peyk fotoları təsdiqləyir ki, raket hədəfə dəyməyib. (Əslində bu müəssisə daha əvvəl “İsgəndər” raketləri ilə vurulub, amma görünür, ciddi zərər yetirilməyib ki, orada istehsal davam edir). İkinci yalan isə budur ki, guya dünyadakı heç bir HHM sistemi “Oreşnik” adlandırılan raketi vura bilmir.