• 27 Noyabr 2024 13:53

Trampdan mədəd ummağa dəyərmi? – “Komandasında ermənipərəstlər var”

Trampdan mədəd ummağa dəyərmi? - “Komandasında ermənipərəstlər var”

“Prezident İlham Əliyevin amerikalı vəzifədaşını təbrik etməsi mühüm detaldır. Bu təbrik rəsmi Bakı və Vaşinqton arasında münasibətlərin rəvan məcrada, işgüzar qaydada və birgə maraqlar əsasında irəliləyəcəyini ehtimal etməyə əsas verir. Bunun üçün real zəmin çoxdur”.

 

Bunu “Yeni Sabah”a politoloq Zaur İbrahimli bildirib. Onun sözlərinə görə, Trampın Cənubi Qafqaz siyasəti daha tarazlaşdırılmış olacaq.

 

“Bu ondan irəli gəlir ki, Bayden adminstrasiyası indiyə kimi ən ermənipərəst administrasiya olub. Həmin adminstrasiyanın ayrı-ayrı vəzifəli şəxslərinin Ermənistanın hərbi və iqtisadi potensialının gücləndirilməsi ilə bağlı səy göstərməsi sirr deyil. Eyni zamanda, Ağ Evin Ermənistanı dəstəklənməsi regionda Rusiyaya qarşı siyasətin tərkib hissəsi kimi bəyan edilsə də, əslində, xeyli dərəcədə erməni lobbisinin qərarların pərdələnməsinə xidmət edib.

 

Co Bayden adminstrasiyasının Cənubi Qafqaz siyasəti daha çox ideoloji prizmadan müəyyənləşirdi. Bir çox hallarda real vəziyyət nəzərə alınmırdı. Bu Azərbaycan-Ermənistan münasibətlərinə də ciddi təsir göstərirdi. Azərbaycanın gözləntisi var idi ki, ABŞ bu məsələdə daha obyektiv mövqe tutacaq və Bakının sülh danışıqları ilə bağlı mövqeyini dəstəkləyəcək. Lakin bu baş vermədi və bunun əksini müşahidə etdik.

 

Obyektiv mövqe o zaman olardı ki, sülh danışıqları başa çatardı və bunun nəticələrinə uyğun olaraq ABŞ Ermənistanla hansısa məsələdə əməkdaşlıq edərdi. Eyni zamanda, Azərbaycan ABŞ-nin Zəngəzur dəhlizi ideyasına daha aktiv dəstək verəcəyini gözləyirdi. Daha geniş aspektdə bu dəhlizin açılması Vaşinqtonun da geosiyasi maraqlarına cavab verirdi. Bu kimi səbəblərə görə Bakı və Vaşinqton arasında narazılıqlar yarandı”.

 

Z. İbrahimli əmindir ki, Donald Tramp adminstrasiyası demokratların səhvlərini təkrarlamayacaq:

 

“Tramp adminstrasiyasından gözləntilər isə ondan ibarətdir ki, bu səhvlər arxada qalacaq. O, Cənubi Qafqazdakı vəziyyəti daha obyektiv qiymətləndirəcək. O cümlədən Trampın Bakı və İrəvan arasında sülh müqaviləsinə öz töhfəsini verəcəyi də gözlənilir. Bu, həmçinin gələcək Tramp adminstrasiyasının ehtimal edilən məqsədlərinə də cavab verir.

 

ABŞ-nin seçilmiş prezidenti bir nitqində də bildirdi ki, o, müharibələri bitirməyə gəlir. Bu baxımdan ehtimal etmək olar ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də Donald Trampa zəng etməsi və onu prezident seçilməsi münasibəti ilə təbrik etməsi bu kontekstdə mühüm əhəmiyyət kəsb edir. Baxmayaraq ki, indi Trampın komandasında kifayət qədər ermənipərəst siyasətçi var, lakin bu şəxslərin Trampın müəyyən etdiyi xarici siyasət strategiyasından kənarda fəaliyyət göstərməsi real görünmür”.

Tacxeber.com

Oxşar xəbərlər