• 28 Noyabr 2024 03:34

İranda ən çox qorunan şəxslərdən birinin qətli xüsusi xidmət orqanlarının rüsvayçı uğursuzluğu kimi qiymətləndirildi.

27 noyabr 2020-ci il, “Mossad”ın təşkil etdiyi güman edilən sui-qəsd nəticəsində İranın nüvə proqramına rəhbərlik edən fizik, İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) zabiti Möhsün Fəxrizadə öldürülür.

 

Möhsün 1961-ci ildə Qum şəhərində anadan olub. 1979-cu il İslam inqilabından sonra Sepah-a üzv olub. 1987-ci ildə Şəhid Beheşti Universitetində nüvə fizikası üzrə bakalavr dərəcəsinə yiyələnib. Daha sonra İsfahan Texnoloji Universitetində magistr təhsili alıb. 1990-cı illərdə Tehran İmam Hüseyn Universitetində fizikadan dərs deyib.

 

2000-ci illərdən İranın nüvə proqramına rəhbərlik edib. Tehran bu proqramın dinc məqsədlər üçün olduğunu iddia edir, əleyhdarları isə nüvə silahı əldə etmək üçün olduğuna inanırlar. “The New York Times” 2014-cü ildə Fəxrizadəni “İranın Oppenheymeri” adlandırmışdı.

 

Nüvə proqramındakı mövqeyi Fəxrizadəni İsrail xüsusi xidmətlərinin əsas hədəfi edirdi. Amma 2007-2012-ci illərdə İranın beş fiziki – Ərdəşir Hüseynpur, Məcid Şəhriyari, Məsud Əli Məhəmmədi, Dariuş Rezainecat, Mustafa Əhmədi Rövşən – müxtəlif üsullarla öldürülsə də (güman ki, İsrail tərəfindən), Fəxrizadəyə əl çatmırdı.

 

İran kəfiyyatı tez-tez Fəxrizadəyə qarşı terror barədə xəbərdarlıqlar alırdı. Amma belə xəbərlər çox tez-tez gələndə adi hal alır və sayıqlığı korşaldır. Fizikin qətli ərəfəsində də yeni xəbər alınmışdı, amma, görünür, ciddi qəbul olunmayıb.

 

2020-ci il noyabrın 27-də Fəxrizadə arvadı ilə birlikdə Tehran yaxınlıqda yerləşən Absərd şəhərindəki villasına gedirdi. Onun “Nissan Teana”sını üç avtomobildə oturan mühafizəçilər müşayiət edirdilər. Bundan sonra baş verənlər haqqında bir neçə versiya mövcuddur.

 

Qətldən dərhal sonra ortaya çıxan versiyalardan birinə görə, fizikin maşınının yanından keçən yük maşınında bomba partlayıb. İkinci versiyaya görə, Fəxrizadənin və mühafizəçilərin getdiyi konvoya silahlı şəxslər basqın edib və baş verən atışmada bir neçə nəfər öldürülüb.

 

Bir neçə gündən sonra Fars agentliyinin yaydığı, sonralar “Jewish Chronicle”, “The New York Times”ın inkişaf etdirdiyi versiya isə hadisə yerində hücumçuların olmadığını iddia edir. Bu versiyaya görə İsrail agentləri hələ mart ayında İrana daxil olublar və yerli vətəndaşların köməyi ilə Fəxrizadəni mütəmadi izləyiblər. Müşahidələr nəticəsində fiziki hər cümə getdiyi Absərd yolunda öldürmək qərara alınıb. Bunun üçün İrana hissə-hissə silah, partlayıcı maddə gətirilib.

 

Belçika istehsalı olan FN MAG pulemyotu yol üstündə dayanmış “Nissan Van Junior” markalı pikapa yerləşdirilib. Maşında həm də kamera, üz tanıma sistemi olub (versiyalardan birinə görə, iki pikap olub: birincisi konvoyu daha irəlidə qarşılayıb və sükan arxasında Fəxrizadənin olmasını təsbit edib, ikincisinə siqnal ötürüb).

 

Hadisə COVİD karantini zamanı baş verdiyindən yolda hərəkət az olub və bu da hücumçuların işinə yarayıb. Üstəlik, təyinat nöqtəsinə yaxınlaşanda mühafizə maşınlarından biri sürətlə irəlidə gedib ki, villanı yoxlasın.

Pikapdakı pulemyot Fəxrizadənin maşınına təxminən 150 metrdən atəş açmağa başlayıb və bu atəş nəticəsində Fəxrizadə öldürülüb.

 

Burada bir sıra suallar və mümkün cavablar ortaya çıxır. Məsələn, “Fəxrizadənin avtomobili zirehli idisə, necə öldürülüb?” sualına sürücünün və ön sərnişinin yanındakı pəncərələrin rahat endirilib qaldırılması üçün zirehli olmadıqları deyilir. Başqa versiyaya görə, ön şüşəsində çatlar yarandığını görən fizik nə baş verdiyini öyrənmək üçün maşını saxlayıb və aşağı düşüb. Amma “Mossad”ın əməliyyatı belə ehtiyatsız hərəkətə ümid bəsləməklə planlaşdırdırması ağlabatan deyil. Yəqin ki, hadisənin daha aydın mənzərəsi yaxın illərdə məlum olacaq.

 

Terror zamanı istifadə edilən FN MAG pulemyotu dəqiqədə 600 güllə ata bilir, amma cəmi 15 güllə atıb. Atəş dəqiqliyi ilə seçilib. Fəxrizadənin yanında oturan arvadı heç bir xəsarət almayıb. Atəş dayanandan sora izləri itirmək üçün pikapda yerləşdirilən partlayıcı maddə işə düşüb.

 

İranda ən çox qorunan şəxslərdən birinin qətli xüsusi xidmət orqanlarının rüsvayçı uğursuzluğu kimi qiymətləndirildi. Möhsün Fəxrizadə noyabrın 30-da Tehrandakı İmamzadə Saleh məzarlığında dəfn edildi.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər