• 27 Dekabr 2024 05:03

“60 yaşdan sonra heç kəsə lazım deyilsən… meydançada öləcəyəm” – Ağasəlim Mircavadovla MÜSAHİBƏ

“Millimizin oyunçuları pis deyil, yaxşıdırlar. Lakin onları toparlayıb bir komanda vəziyyətinə gətirmək hələ alınmır. Bu, baş məşqçinin səlahiyyətindədir. Komanda səviyyəsində yaxşı oyun aparılmır.

 

Azərbaycanın futbol millisində hələ intizamsızlıq var. Baş məşqçi klub məşqçisi ilə toplantı etməli və öz fəlsəfəsini bildirməli idi. Mən Neftçi klubunun baş məşqçisi olanda biz belə işləyirdik. Oyunçuları hansı istiqamətdə inkişaf etdirməyi müzakirə edirdik”.    

 

Tacxeber.com xəbər verir ki, bunu Musavat.com-a müsahibəsində Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

 

– Azərbaycan milli futbol komandasının baş məşqçisi Fernandu Santuşdan gözləntiləriniz nədir. Sizcə o, millimizin oyununa ciddi təsir göstərə biləcəkmi?

 

 – 1994-cü ildən bu fikirdəyəm ki, millimizin baş məşqçisi yerli mütəxəssis olmalıdır. 90-cı illərdə biz məşqçilərin və futbolçuların bir forması var idi. Hər şeyin kasad vaxtında futboldan üz döndərmirdik. İndi isə futbolçular və məşqçilər hər şeylə təmin olunublar.

 

Sualınızdan kənara çıxaraq onu da qeyd edim ki, hazırda Azərbaycan futbolunda ən böyük faciə məşq meydançalarının olmamasıdır. Bölgələrdə vəziyyət lap pisdir. Doğrudur, üstü bağlı pullu meydançalar var. Saatı 60-80 manatdır. Hər valideyn imkanlı deyil ki, uşağını ayda 3-4 dəfə belə meydançalara oyuna göndərsin. Uşaq futbolu küçədə oynamalıdır. Azərbaycanda mütləq məhəllə futbolunu bərpa etmək lazımdır.

 

Fernandu Santuşa gəlincə isə deyim ki, o,  Portuqaliya millisi ilə “2016 Avropa çempionatı”nda və “2019 Millətlər Liqası”nda çempion oldu. Onun oyunçuları Avropanın top klublarında oynayırdılar. Gürcüstan Avropa çempionatına gedəndə 26 nəfər UEFA-ya ərizə verdi. O 26 nəfərdən 23-ü xarici klublarda oynayırdı. Qarabağ klubunun “Lion”la dünənki oyununda qapımıza iki qol vuran hücumçu gürcüdür. Bununla nə demək istədiyimi anladınız.

 

– “Qarabağ”ın builki şanslarını necə dəyərləndirirsiniz. Oyunlar necə keçdi?

 

 – “Qarabağ”- “Norveç” oyununu çıxmaq şərti ilə bütün oyunlarda üstün oldu. Həmin oyunda həddindən artıq qol vəziyyəti oldu, lakin bizimkilər istifadə etmədilər.  Hətta dünənki oyunda da neçə qol vura bilərdi. “Lion” “Qarabağ”ın oyun taktikasını tam analiz edib maça daxil olmuşdu. Ümumilikdə isə klubun oyunları çox yaxşıdır. Az xal qazansa da, öz imicini saxlayır.

 

– Qurban Qurbanova hücumlar son zamanlar artıb. Müzakirələrdən düşmür. Sizcə ona qarşı bu, nə dərəcədə ədalətlidir?

 

– Udanda qəhrəman elan edirlər, uduzanda isə “pis adamsan” deyirlər. Qurban Qurbanovun əməyini heç cür danmaq olmaz.

 

– Hazırda siz nə işlə məşğulsunuz? Günləriniz necə keçir?

 

– Pensiyaçı adamam. Məşqçilərlə arada görüşürəm, fikirlərimi bildirirəm. Azərbaycanda 60 yaşdan sonra heç kəsə lazım deyilsən. Bütün ömrümü meydançada keçirmişəm. Meydançada da öləcəyəm. Böyük oğlum 1992-ci ildən futbolda idi. Sonra oyunların başını buraxdı.

Tacxeber.com

Oxşar xəbərlər