• 27 Dekabr 2024 05:54

“Narazılığın da həddi var” – Qurban Qurbanov

“Narazılığın da həddi var” - Qurban Qurbanov

“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu cür havada, hesabdakı böyük fərqə baxmayaraq, sona qədər bizimlə oldular. Oyuna gəldikdə isə əlbəttə ki, hesab məyusedici görünür. İkinci hissənin ortalarında komandada bəzi boşluqlar yarandı. Rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik”.

 

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda “Lion”a uduzduqları matçdan (1:4) sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının oyunundan razı qaldığını söyləyib: “Oyundan razı qaldım. Niyə? Futbolçular bilirdilər ki, qarşımızda yaxşı komanda var. Amma öz oyunumuzdan əl çəkmədik, risklərə getdik. Böyük futbol belədir. Qol epizodlarından istifadə edə bilmirsənsə, rəqib ustalıq səviyyəsinə görə fərqlənə bilir. Hesab oyuna görə deyildi. Əfsuslar olsun ki, belə hesab oldu. Qarşıdakı matçlara hazırlaşmalıyıq”.

 

Mütəxəssis qol epizodlarından yararlana bilməməklərinə toxunub: “Bəxtsizlik… Bu ifadəni çox az-az işlədirəm. Elə epizodlar var idi ki… İki topumuz dirəyə dəydi. Bilmirəm, buna bəxtsizlik deyirlər, ya yox. Biz qol vurmalı olduğumuz halda, rəqib vurdu. Qəbul etməliyik ki, “Lion”un oyunçularının ustalıq səviyyəsi yüksəkdir. İlboyu bu tempdə oynayırlar. Daha çox ustalıq səviyyəsi deyərdim”.

Qurban Qurbanov matçın 60-cı dəqiqəsində 3 dəyişiklik edib. Daha sonra Ağdam təmsilçisi ardıcıl qollar buraxıb. Baş məşqçi isə həmin dəyişiklərin komandaya mənfi təsir edib-etmədiyi haqda bunları deyib: “Oyunun gedişində dəyişiklik etmək mənim üçün ən çətin qərarlardan biridir. Udsaq da, uduzsaq da. Amma bəzi futbolçuların dinamikasına da fikir veririk. Müdafiədə, orta sahədə aktiv olmaq lazım idi. Rəqib də bundan istifadə etdi. İkinci qol sadəcə texniki səhvdən sonra oldu. Hansısa hücum qurmadılar. Ondan sonra futbolçular özünə gəlincə…”Lion” usta komandadır, 3-cü qolu gördük. Hər iki qoldan əvvəl biz fərqlənməli idik, rəqib fərqləndi. Epizodlarımız qol olmadı. Deməli bu gün məğlub olmalıydıq”.

 

Q.Qurbanov “Qarabağ”ın pley-offa çıxmaq şanslarını dəyərləndirib: “Şanslar hələ qalıb. Oyunları görürsünüz. İldən-ilə rəqiblərimiz bizə daha ciddi yanaşırlar, futbolun dinamikası, sürəti, ustalıq çox yuxarı səviyyədədir. Bunu etiraf etməliyik. Biz rəqiblərlə başabaş mübarizə aparmağa çalışırıq. Avropa futbolunun üstünlüyünü qəbul etməliyik. “Səbail”lə matçda süni örtükdə oynayırdıq. Meydançanı suladılar. Topun getməsi oyunumuzun sürətini aşağı saldı. Hakim də belə qarşılaşmalarda oyunu çox saxlayır. İstər-istəməz Azərbaycan futboluna təsir edir. Amma bizim daha yaxşı oyunlarımız olub. Heç vaxt bunu məğlubiyyətlərimizdə səbəb göstərmirəm. İnkişaf üçün bunları daha da yaxşılaşdırmaq lazımdır. Avropada rəqiblərə gəldikdə, ustalıq səviyyələri daha da yaxşılaşır. Çətin görünə bilər, üç oyunumuz qalıb. Niyə də yox? Sona qədər mübarizə aparacağıq”.

O, futbolçusu Juninyonun bugünkü oyununa da toxunub: “Razı qalmadım desəm, düzgün çıxmaz. Futbolçu hər oyunda eyni tempdə oynaya bilməz. Rəqibin oyunçularına da baxmaq lazımdır. Penalti heç, 4 dəfə yüzfaizli qol epizoduna girdi. Bir hücumçu üçün belə komandaya qarşı bunu etmək az deyil. Belə rəqiblərə qarşı meydanda daha da hərəkətli olmaq lazımdır. Dəfələrlə futbolçularıma bunu bildirirəm”.

 

Q.Qurbanov “Yassin Benziyanı tez-tez əvəz etmirsiniz. Amma bu gün əvəzlədiniz. Səbəbi nə idi” sualına belə cavab verib: “Matçın gedişatına görə dəyişiklik etdik. Oyun da əldən getmişdi. Sürətə ehtiyac var idi. Ona görə Addaini buraxdıq. Normal dəyişiklik idi”.

Mütəxəssis belə məğlubiyyətlərdən sonra oyunçularına öz narazılıqlarını bildirdiyini qeyd edib: “Biz fərqli gözlə baxırıq. O qədər detallar var ki, futbolun inkişafı haqda, turnir haqda danışmaq olar. Mən məşqçi kimi bunu sizə bildirsəm, düzgün çıxmaz. Futbolçulara narazılıq bildirdiyimiz vaxtlar olub. Hətta qalib gəldiyimiz vaxtda da. Bəzən uduzmuşuq, amma oyundan razı qalmışam. Bunlar işimizin bir hissəsidir. Cərimələr də olur, narazılıq da bildirilir. Həm fərdi, həm də kollektiv şəkildə. Bu oyuna görə futbolçulara narazılıq bildirmədim. Narazılığın da həddi var. Hansısa formada narazılıq edirik. Siz rahat olun, lazım olanda etiraz da bildiririk, cərimələr də olur. Lazım olanda, özümü də cərimə etmişəm. Biləsiniz. İş prinsipimizdir. Bu futbolçulara bəzən təşəkkür edirəm ki, neçə illərdir, minimum bu səviyyəni qoruyub saxlayıblar. Bu turnirə Çempionlar Liqası gözü ilə də baxa bilərik. Rəqiblərimiz “Ayaks”, “Tottenhem”, “Lion”dur. Elə liqalardan gəlirlər ki…

 

Bu cür komandalara qarşı oynamaq futbolçulara həyəcan verir. Biz bu cür rəqiblərə qarşı çəkinmədən mübarizə aparırıq. Komandamı müdafiədə oynada bilərdim. Amma mən bu cür inkişaf etməyi istəmirəm. Qoy belə risklərə gedək, futbolçular uduzsun. Futbol tam başqa səviyyədədir. Sadəcə futbolçulardan istəyirəm ki, cəsarətli olsunlar, istənilən rəqibin üzərinə getsinlər. Səhv etsin. “Qarabağ” olaraq qorxaq futbol oynasaydıq, az səhv etməyi düşünsəydik, bu nəticələri verməzdik. Bu gün şanslardan istifadə edə bilmədik. Bəlkə sabah başqa cür olacaq. Narahat olmayın. Hər tərəfdən futbolçular idarə olunur. Özüm də tələb edirəm ki, daha yaxşı olmaq, daha da böyümək lazımdır”.

Baş məşqçi “TOP-5 ölkələri ilə fərqimizdən danışdınız. Bu gün Gürcüstan millisinin üzvü dubl etdi. Sizcə, nə vaxt bir azərbaycanlı hücumçu “Qarabağ”ın əsas hücumçusu kimi meydana çıxa bilər” sualını da cavablandırıb: “Zaman göstərər. Deyəcək bir söz yoxdur. Biz özümüz bazara hələ az girmişik. Gürcüstanın prinsipi elə futbolçuları bu cür klublarda oynatmaqdır. Allah qoysa, bizdə də sayları çox olar”.

 

Q.Qurbanov futbolçusu Kevin Medinanın buraxılan 2-ci qol zamanı ciddi səhvə yol verməsindən, həmçinin onun bəzi matçlarda qırmızı vərəqə almasından da danışıb: “Ola bilər ki, hansısa dəqiqələrdə bir az diqqətsizlik yaranır, futbolçunun çox aqressiv olması, belə epizodlara gətirib çıxarır. Oyuna çox istəkli yanaşırlar. Əgər oyuna 100 faiz hazirlaşırsansa, problemin olacaq. 50-60 faiz olsa, yenə problem yaranacaq. Ən optimal 80-90 faizdir. Rəqib də məcbur edir. Belə komandalara qarşı çətindir. Beyin yorulanda, düzgün qərar qəbul etmir. Açıq oda getdi, həzz alırdım. 2-ci  və 3-cü qol matçın tempini aşağı saldı. Ola bilər ki, çox istəkli olması, belə səhvlərə gətirib çıxarır. Kevin təcrübəli oyunçudur, diqqətli olmalıdır. Avrokuboklarda belə səhvlərin sayı çoxdur. Kimisi istifadə edir, kimisə istifadə etmir. Rəqib oyunçunun doqquzluğa düşməsi onun səviyyəsindən xəbər verir”. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər