• 27 Dekabr 2024 06:22

“Siyavuş Novruzova eşq olsun!” – “Pensiya və təqaüdləri Sahil Babayev öz cibindən vermir”

“Yeni Azərbaycan Partiyası hər bir halda öz hökumətini müdafiə etməlidir. Siyasətin məntiqi bunu tələb edir. Siyavuş Novruzov elə çıxış edirsə, ona eşq olsun!”

Tacxeber.com xəbər verir ki, bu sözləri Müsavat TV-yə müsahibəsində ReAL partiyasının sədri Natiq Cəfərli deyib.

 

O əlavə edib: “Qoy öz partiyasından istefa versin və müxalifə keçib bir partiya qursun. Bax bu, bir məntiqsizlik ab-havası yaradır”.

N. Cəfərlinin sözlərinə görə, parlamentdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçirilən və gərgin debatla yadda qalan iclası siyasəti şouya çevirmək cəhdi kimi görünür:

 

“Ölkədə sosial və iqtisadi problemlər boğazdan aşır. Amma bu nəticələrin danışıldığı yer Milli Məclis deyil. Parlament problemlərin səbəblərinin aradan qaldırıldığı yerdir. Milli Məclis təklifi hökumətə niyə verir ki?! Bu elə parlamentin səlahiyyətində olan məsələdir. Nazirin milyonlarla səhvi olub və çox da tənqid etmişik”.

 

ReAl sədri Sahil Babayevin parlamentdəki çıxışını “minnət” adlandırıb:

“Pensiya və təqaüdləri Sahil Babayev öz cibindən vermir. Heç nazirin təqaüd və müavinətləri artırmaq hüququ belə yoxdur. Bu hüquq parlamentdədir. Siyavuş Novruzov kimdən kimə şikayət edir?! Yığışsınlar, qətnamə qəbul etsinlər, büdcəyə əlavələr və dəyişikliklər etsinlər, sonra nazirə desinlər ki, sənin boynunun borcudur ki, get, bunu yerinə yetir!

 

Deputatlar öz maaşı ilə bağlı icra hakimiyyəti orqanlarına şikayət edirlər, halbuki bu öz əllərindədir. Anormallıq bundan ibarətdir”.

Tacxeber.com

Oxşar xəbərlər