• 05 Dekabr 2024 05:40

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırır

Tbilisi, 1 dekabr, 2024-cü il

“Birləşmiş Ştatlar polisin sərbəst toplaşma və ifadə, o cümlədən dinc etiraz azadlığından istifadə edən gürcüstanlılara qarşı aşırı gücə əl atmasını pisləyir”, – Miller bəyanatında vurğulayıb.

 

“Gürcü Arzusu-nun fərqli antidemokratik hərəkətləri ABŞ-Gürcüstan Strateji Tərəfdaşlığının əsas prinsiplərini pozub. Bu tərəfdaşlıq demokratiya, hüququn aliliyi, vətəndaş cəmiyyəti, insan haqları və fundamental azadlıqlara, anti-korrupsiya səylərinə hörmət kimi birgə dəyər və öhdəliklərə əsaslanırdı. Nəticədə ABŞ bu mexanizmi dayandırıb”, – bəyanatda deyilir.

 

Tacxeber.com xəbər verir ki, AzadlıqRadiosunun gürcü xidməti Gürcüstanın ABŞ-dəki səfiri David Zalkalianinin istefaya getdiyini yazır. Onun Gürcüstan hökumətinin Aİ-yə üzvlük danışıqlarını dondurmaq qərarına etiraz olaraq istefaya getdiyi bildirilib. Son iki gündə hökumətin qərarına etiraz olaraq Gürcüstanın Bolqarıstan, Niderlanddakı səfirləri və İtaliyada səfir vəzifəsinin müvəqqəti icraedicisi istefaya gedib.

 

*****

 

Gürcüstanda kütləvi etirazlar davam edir. Prezident Salome Zurabişvili noyabrın 30-da brifinqdə deyib ki, qeyri-legitim parlamentin yeni prezidentin inauqurasiyasını həyata keçirməsi “baş verməyəcək”, çünki legitim parlament yeni prezident seçənədək onun mandatı qüvvədə qalır.

“Siyasi prosesin başında duracaq, prezidentiniz kimi qalacağam. Legitim parlament yoxdur, qeyri-legitim parlament yeni prezident seçə bilməz, buna görə də andiçmə olmayacaq”,– o deyib.

 

Salome Zurabişvili
Salome Zurabişvili

 

Prezident “Yeni Gürcüstan”a doğru siyasi prosesə başçılıq etməyə, ölkənin müstəqilliyi və Avropaya inteqrasiya yoluna sadiqliyini bir daha bəyan edib. Zurabişvili ictimaiyyəti və siyasi partiyaları Gürcüstanın gələcəyinin formalaşdırılması üçün birlikdə işləməyə çağırıb.

Hakim “Gürcü Arzusu” ölkənin 2028-ci iləcən Avropa İttifaqına üzvlük danışıqlarından imtina etdiyini açıqlayandan sonra ölkədə etiraz aksiyaları başlayıb. Noyabrın 30-da mitinqdə 107 nəfərin saxlandığı açıqlanıb. Onların hamısı polisə tabe olmamaqda və xırda xuliqanlıqda ittiham olunur.

 

“Gürcü Arzusu” Gürcüstanda prezident seçkisinin dekabrın 14-də, inauqurasiyanın isə dekabrın 29-da keçiriləcəyini açıqlayıb. Parlamentin spikeri S.Zurabişvilinin altı illik prezidentlik müddətinin dekabrın 16-da başa çatdığını bildirib.

Hakim partiya futbol veteranı Mixail Kavelaşvilini prezidentliyə təsdiqləməyi planlaşdırır.

 

Gürcüstanda hökumətə qarşı etirazları işıqlandıran jurnalistlər isə təhlükəsizlik qüvvələri tərəfindən qəsdən hədəfə alındıqlarını, bəziləri döyüldüklərini, xəstəxanalıq olduqlarını deyiblər. Polis aksiyaları zorakılıqla dağıdır, etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edir.

Rəsmi orqanlar oktyabrın 26-da keçirilən parlament seçkilərini hakim partiyanın qazandığını açıqlayıb. Müxalifətsə seçkinin nəticələrini qəbul etmir, saxtakarlıqların olduğunu deyir.

 

Avropa Parlamenti noyabrın 28-də Gürcüstanda parlament seçkilərinin nəticələrini tanımamaqla bağlı qətnamə çıxarıb.

Tacxeber.com

Oxşar xəbərlər