Alp və Himalay dağları necə yaranıb? – Alimlərdən yeni kəşf
Monaş Universiteti və Avstraliya Milli Universitetinin bir qrup alimi Himalay və digər dağ sistemlərinin yaradılması ilə hansı tektonik proseslərin müşayiət olunduğunu müəyyən ediblər.
Tacxeber.com qaynarinfo-ya istinadən xəbər verir ki, tədqiqat “Earth and Planetary Science Letters” (EPSL) elmi jurnalında dərc olunub.
Komanda materik qabığının kütlə və həcm balansının nəzəri modelini işləyib hazırlayıb və qısaldılmış qabığın miqdarını şaquli olaraq qalınlaşan, yan tərəfdən sıxılan və plitələrin toqquşması zamanı səthdə aşınmaya məruz qalan qabıqla müqayisə edib.
Tədqiqat qrupu Himalay-Tibet yaylasının formalaşması zamanı qitə qabığının ən azı 30%-nin mantiya tərəfindən itirildiyini müəyyən edib. Müasir İran, İraq və Türkiyə ərazisində Zaqros dağlarının yaradılması zamanı yer qabığının təxminən 64%-i, Alp dağlarının yaranması zamanı isə 50%-ə qədəri məhv olub.
Alimlər oxşar proseslərin əvvəllər də baş verdiyini qeyd ediblər.
“Materiklərin toqquşması nəticəsində yaranan dağ silsilələri də əvvəlki geoloji dövrlərdə, xüsusən də super qitələrin formalaşması zamanı nəhəng qitə kütlələrinin bir araya gəldiyi zaman formalaşıb”, deyə nəşr yazır.