Nə danışırıqsa telefonda reklamı çıxır – Bizi belə dinləyirlər
Bəzən ətrafımızda nədən danışırıqsa, telefonda onun reklamını görürük. Bu, bir çoxlarımızın başına gəlib.
Tacxeber.com Milli.Az-a istinadən xəbər verir ki, bəzi insanlar bu kimi haldan narahat olduğu halda, bəzilərinə isə belə reklamları görmək əksinə onlara kömək etdiyini bildirirlər.
Bəs həqiqətən də telefonlar bizi dinləyir?
Məsələ ilə bağlı rəqəmsal marketing mütəxəssisi Nazim İbrahimov bildirib ki, çox sayda istifadəçi bu cür hadisələrlə qarşılaşdıqda telefonlarının bizi dinlədiyini düşünür.
“Ancaq əslində, telefonlar avtomatik olaraq danışıqlarımızı dinləmir. Telefonlardakı səsli köməkçilər (məsələn, Siri, Google Assistant) yalnız müəyyən açar sözləri eşitdikdə aktivləşir. Bəzən bu köməkçilər yanlışlıqla aktivləşə bilər və telefonun mikrofonu dinləməyə başlaya bilər. Lakin bu, adətən istifadəçinin icazəsi ilə baş verir”.
Reklamları niyə görürük?
“Telefonların bizə yaxın olduqda danışdıqlarımızla əlaqəli reklamların görünməsi, əslində telefonların bizim danışıqlarımızı dinləməsi ilə bağlı deyil. Bu, daha çox mobil tətbiqlərin və sosial media platformalarının məlumat toplaması ilə əlaqəlidir. Tətbiqlər, axtarış tarixçəmiz və maraqlarımız əsasında bizim davranışlarımızı izləyir və ona uyğun reklamlar təqdim edir. Beləliklə, əgər bir mövzu haqqında danışmışsınızsa və bir müddət sonra həmin mövzuyla bağlı reklamlar görməyə başlamısınızsa, bu, telefonun dinləməsindən deyil, tətbiqlərin və sosial şəbəkələrin məlumat toplamasından qaynaqlanır”.