Bakının “əl yandıran” kirayə qiymətləri – Bu ərazilərdə ciddi bahalaşma var
Son vaxtlar paytaxtın kirayə mənzil bazarında qiymət artımı sürətlə davam edir. Söküntülərin genişlənməsi, tələbələrin intensiv axını və bütün bunların fonunda ilbəil ənənəvi formada davam edən daxili miqrasiya bahalaşmaya səbəb olan əsas faktorlardır.
Tacxeber.com elan saytlarında Bakının kirayə mənzil bazarındakı son vəziyyəti araşdırıb. Müşahidələrimizə əsasən, paytaxtın 3 mərkəzi rayonu kirayə bazarında qiymət cədvəlinə “başçılıq” edir.
Hazırda Bakının Nəsimi, Səbail, Nərimanov rayonlarında kirayə mənzillərin əksəriyyətinin qiymətləri dördrəqəmlidir.
Nümunə üçün qeyd edək ki, Nəsimi rayonu “8 Noyabr” metrostansiyasının yaxınlığında 3 otaqlı 106 kvadratmetr sahəsi olan yenitikili mənzilin aylıq kirayə qiyməti 2000 manata təklif olunur. Rayonun “28 May” metrostansiyasına yaxın 5 otaqlı mənzil isə nə az nə çox, 5200 manat dəyərindədir.
Səbail rayonu Bayıl qəsəbəsində isə 135 kvadratmetr ölçüdə 3 otaqlı mənzilin aylıq kirayəsi 3000 manatdır. Sözügedən ərazidə 2 otaqlı mənzillərin aylıq dəyəri isə ən azı 1500 manatdan başlayır.
Nərimanov rayonunda da eyni tendensiya hökm sürür. Nəsimi və Səbailə nisbətən, kirayə qiymətləri daha ucuz olsa da, burada da ciddi bahalaşma var. Xüsusən, “Nəriman Nərimanov” metrostansiyasına daha yaxın olan binalarda qiymət artımı daha çox hiss olunur. Burada 2 otaqlı kirayə qiymətlər 1000, 3 və daha çox otağa malik olanlar isə ən az 1500 manata təklif edilir.