• 23 Dekabr 2024 08:28

“İvanişvili əvvəlcədən Rusiyanın agenti olub” – Saakaşvili

“Mən Zelenski ilə birgə postsovet məkanında azadlıq uğrunda əsas mübarizlərdən biri olmuşam…”

Mənimlə İvanişvilini tərəzinin eyni gözünə qoymaq ifrat mənəviyyatsızlıqır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “gordonua.com” nəşrində öz bloqunda yazıb.

 

“Son günlər müxtəlif siyasətçi və jurnalistlərdən hazırda İvanişvilinin cəza aləti kimi işləyən bu və ya digər polis və ya dövlət qulluqçusunun  “Saakaşvili dönəmində də işlədiyi” barədə səslər ucaldılır.

 

Birincisi, ən uğurlu hakimiyyətdə işləmək nəsə ifşaedici bir şey deyil. Hamıya xatırlatmaq istəyirəm ki, “qızılgül inqilabı” hakimiyyəti Gürcüstanın dövlət təsisatlarını, yeni təhsil və səhiyyə sistemini yaradıb.

 

Biz Aslan Abaşidzenin separatçılığına son qoyub, Gürcüstanın Acariya üzərində nəzarətini bərpa etmişik. Biz korrupsiyanı məhv etmişik, nəhayət, Rusiyanın tammiqyaslı hərbi madaxiləsi zamanı Gürcüstan dövlətçiliyinin müstəqilliyini müdafiə edib və qoruyub saxlamışıq.

 

Bizim hakimiyyət seçkilər keçirib və öz səlahiyyətlərini dinc yolla təhvil verib. O zaman təkcə mənim heç bir məlumatım olmadığı “Radost” deyil, həm də Georgi Antsukiladze, Romelaşvili qardaşları, Şindisi qəhrəmanları, Gürcüstanı dünyanın gözündə nümunəvi ölkə edən on minlərlə vicdanlı dövlət qulluqçuları xidmət edib.

 

Biz anlamalıyıq ki, istənilən növbəti milli hakimiyyətdə dövlət qulluqçularının əksəriyyəti öz yerlərində qalacaq, onları 100 faiz əvəzləmək mümkün deyil.

 

Bir məsələni də qeyd etmək istəyirəm. Mənimlə İvanişvilini tərəzinin eyni gözünə qoymaq ifrat mənəviyyatsızlıqdır. Bunu o adamlar edir ki, İvanişvili ilə bərabər hakimiyyətə gəlib, sonra elə özü onlardan üz döndərib.

 

İvanişvili əvvəlcədən Rusiyanın agenti olub, mən isə postsovet məkanında Zelenski ilə birlikdə azadlıq uğrunda əsas mübarizlərdən biri olmuşam. Mən Gürcüstan dövlətçiliyinin əsas yaradıcısı, İvanişvili isə onun əsas dağıdıcısı olub.

 

Mən bu postu paylaşmağı və tamamilə yalan paralellər aparan bütün jurnalistlər və siyasətçiləri qeyd etməyi xahiş edirəm.

 

Dünyanın müxtəlif regionlarında qaynar hadisələrə və sensasiya doğuran xəbərlərə rəğmən, Gürcüstan dünya mediasında başlıca mövzulardan biri olaraq qalır. “Qızılgül inqilabı” zamanı da belə olub.

 

Bu, gənclərimizin və bütün nəsillərdən olan insanların fədakarlığının birbaşa nəticəsidir.

Xalqımızla qürur duyuram!

Gürcüstana eşq olsun!”, – Saakaşvili yazıb.

Xatırladaq ki, Mixail Saakaşvili gürcü və ukraynalı siyasətçidir. 2004-2013-cü illərdə Gürcüstan prezidenti, 2015-2016-cı illərdə Odessa vilayət administrasiyasının rəhbəri olub, 2020-ci ildən Ukrayna İslahatları İcraiyyə Komitəsinin rəhbəridir.

Tacxeber.com

Oxşar xəbərlər