Regionda iki yeni dövlət yarana bilər – Azərbaycan üçün mühüm gəlişmə
Suriyada bir neçə illik nisbi sabitlikdən sonra “Heyət Təhrir əş-Şam”ın Hələb və İdlibi ələ keçirməsi ilə başlayan döyüşlər fonunda müxtəlif dövlətlərin planları ilə bağlı ehtimallar da gündəmə gəlib. Ümumi yanaşma belədir ki, Suriya yenidən parçalana bilər.
Ümumiyyətlə, Suriya prosesinə həm də İraq kontekstindən baxmaq lazımdır. Çünki regionun siyasi xəritəsinin dəyişməsindən bəhs ediriksə, hazırda hər iki ölkə buna uyğundur.
Suriyada mərkəzi hakimiyyət, dövlət anlayış de-yure, İraqda isə de-fakto yoxdur. Hər ikisində fərqli ölkələrin marağı, dəstəklədiyi entik-dini silahlı qruplar var. Təbii olaraq bu da regionun siyasi xəritəsinin məhz Suriya və İraq üzərindən dəyişəcəyi qənaətini yaradır.
Hazırda baş verən hadisələr 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərini xatırladır. Həmin dövrdə də regionun siyasi xəritəsinin dəyişməsi gündəmdə idi. Xüsusilə “Avropanın xəstə adamı” olaraq görülən Osmanlı Birinci Dünya müharibəsindən sonra süqut etdi. Lakin bundan əvvəl də Yaxın Şərqə yəhudilərin köçürülməsi, ermənilərin, kürdlərin və ərəblərin üsyanları baş verirdi.
Böyük dövlətlərin Yaxın Şərq siyasəti “parçala, hökm sür” olub. Bu minvalla Osmanlı sonrası regionda ərəb, erməni, yəhudi dövləti yaradıldı. Ərəblərin xəyanəti nəticəsində Britaniya və müttəfiqləri Osmanlını məğlub edə bildi və nəticədə birdən çox kukla dövlətlər yaradıldı. Yəhudilər isə Britaniyaya həm Birinci, həm də İkinci Dünya müharibəsi zamanı maliyyə dəstəyi verdiyi üçün İsraili qura bildilər.
Ermənilər siyasi manevrlə (xəyanət, ikiüzlülük) regionda dövlət qurmağı bacardılar. Bu prosesdə təkcə kürdlərin əli boş qaldı. Bunun əsas səbəbi isə kürdlərin Osmanlıya daha bağlı olması və qəbilə-tayfa təfəkküründə qalması idi. Britaniyalı kəşfiyyatçıların ərəblər kimi kürdləri üsyana sövq edə bilməməsi, üsyanlara kürdlərin dəstək verməməsi kürd dövləti məsələsini keçərsiz etdi.
Hazırda regionun siyasi xəritəsi dəyişsə, iki əsas dövlət yarana var:
1. Kürd dövləti;
2. Türkmən dövləti.
Kürdlər və türkmənlər regionda sayı milyonu keçən, lakin dövləti olmayan iki etnik qrupdur. Həm Suriya, həm də İraqda hər iki etnik qrup yaşayır. Bununla belə, hesab edirəm, regionda yeni bir dövlət qurulacaq, lakin bu, kürd dövləti olacaq:
Birincisi, ABŞ, Qərb, hətta Rusiya bunu istəyir. İllərlə Türkiyədə PKK, İraqda Bərzani və talabanilər, Suriyada PYD, YPG, İranda isə PJAK üzərindən bu plan reallaşdırılmağa çalışılır.
İkincisi, kürdlərin sayı regionda türkmənlərdən daha çoxdur. Kürdlər ötən əsrlə müqayisədə milli şüura yiyələnməyi və təşkilatlanmağı öyrənib.
Üçüncüsü, kürdlər istər terror təşkilatı, istərsə də özünümüdafiə dəstələri fonunda döyüşməyi, vahid komandalıq şəklində hərəkət etməyi öyrəniblər.
Yəni bu və ya başqa formada gələcəkdə kürd dövlətinin yaranması qaçınmazdır. Belə olan halda bu proseslə mübarizə aparmaq yerinə, onu idarə etmək lazımdır. Məsələ ondadır ki, Türkiyə regionda kürd dövlətinin yaranmasına razı deyil. Nə İraqda referenduma, nə də Suriyada PYD timsalında kürd dövlətinin yaranmasına heç vaxt icazə verməyib.
Əslində, Türkiyədə 30 ildən artıqdır davam edən kürd separatizmini nəzərə alsaq, bu yanaşmanı anlamaq olar, lakin şərtlər dəyişib. Yəni kürd dövləti gec-tez yaranacaq. Türkiyə buna müqavimət göstərmək yerinə razı olmalı, özünün nəzarətində kürd dövlətinin yaranmasına icazə verməlidir.
Hesab edirəm, regionda kürd dövləti yaranacaqsa, bu, İraqda olmalıdır. Neçirvan Bərzani rəhbərliyində qurulacaq federal bir kürd dövləti Türkiyə, hətta Azərbaycanın da maraqlarına uyğundur. Bu həm regionda kürdlər üzərindən aparılan siyasəti Ankaranın xeyrinə dəyişər, həm də Türkiyədəki kürd separatizmini bitirə bilər.