Müstəqil internet televiziyası “Meydan Tv”nin əməkdaşları saxlanılıb.
Jurnalistlərdən xəbər olmaması ilə bağlı məlumatı jurnalist Orxan Məmməd paylaşıb. Daxili İşlər Nazirliyi (DİN) APA-ya jurnalistlərin saxlanıldığını bildirib.
“Vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. Məlumat təsdiqini tapıb və əlavə araşdırmalar aparılır. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb”, – DİN-dən bildirilib.
“Abzas Media”nın məlumatına görə jurnalistlər bu gün günorta saatlarında Tiflisdən qayıdan jurnalist Ramin Dekonu qarşılamaq üçün hava limanına gediblər. Bundan sonra hava limanında olan jurnalistlər – Natiq Cavadlıdan, Xəyalə Ağayevadan, Aytac Tapdıqdan, Aynur Elgünəşdən, Ramin Dekodan xəbər almaq mümkün olmayıb. Onların yanında Yunis Rzayev adlı dostları da olub.
Ötən ilin noyabrından etibarən Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.