MİDA-nın “işıq sürəti”ndə satılan mənzilləri: “Ehtiyacı olan deyil, pulu olan qazanırsa, təbii ki, narazılıq yaradacaq…”
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ötən gün həyata keçirdiyi növbəti layihəsi – Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı müzakirəsiz ötüşməyib. Hər zaman olduğu kimi bu dəfə də işıq surəti ilə başa çatan satış zamanı 35 saniyə ərzində 544 mənzilin seçimində 4 176 nəfər iştirak edib. Bu dəfə də sistemə qoşulmağa macal tapmayanlar ən çox mənzilə ehtiyacı olanlardır. Sosial şəbəkələrdə tənqid hədəfinə tuş gələn MİDA-ya etiraz edənlər 2022-ci ildə 5 saniyə ərzində reallaşan satışın nəticələrinin ləğvini, həbs edilənlərin olduğunu xatırladıblar. İnsanlar MİDA-nın yaratdığı elektron sistemdə dəyişiklik edilməsi tələbini irəli sürürlər.
Məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən sosioloq Naib Niftəliyev deyib ki, bu cür mənzil satışlarında çox vaxt ehtiyacı olanlar deyil, ikinci mənzil əldə etmək istəyənlər mənzilə yiyələnirlər:
“Mənzil satışında sosial mənzillərdən və daha çox ehtiyacı olanlardan söhbət gedirsə, burada marketinq strategiyası ehtiyac meyarlarına hesablanmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində güzəştli limit müəyyənləşdirilməli, diferensiallıq olmalıdır. Mənzillər belə qısa müddət ərzində satılırsa, mənzili ehtiyacı olan deyil, pulu olan və ya daha çox maddiyyat sərf edən qazanırsa, təbii ki, bu, narazılıq yaradacaq. Problemin həlli nəzarət mexanizminin effektli təmin olunması ilə bağlıdır. Çox vaxt qanunvericilik səviyyəsində belə texniki təfərrüata varmaq istəmirlər. Bu, incə və həssas məsələdir. Nəzarətin zəif olmasının çoxsaylı səbəbləri var. Məsələn, qanunvericilik sistemində icra mexanizminin zəif təminatından tutmuş, MİDA və digər əlaqədar müvafiq qurumların funksional fəaliyyətindəki hiss olunan ciddi çatışmazlıqları qeyd etmək mümkündür. İstər Sumqayıt, istərsə də Lənkəran yaşayış komplekslərində mənzillərin satışı ilə bağlı ehtiyaclı şəxslər üçün əlverişli, əlçatan, güzəştli şəraiti əlaqədar qurumların özləri yaratmalıdırlar. Əmək Məcəlləsində də məhdudiyyəti olanlara, imkansızlara bəzi imtiyazlar və güzəştlər nəzərdə tutulur. Hər bir halda qanunvericilik bu güzəştləri, imtiyazları tanıyır. Deməli, tikinti şirkətləri müəyyən məsələlərdə cəmiyyətin marağına, mənafeyinə uyğun güzəştlər etməyi, insanların ehtiyaclarını qarşılamağı bacarmalıdırlar. Əks halda, mənzil təminatı ilə bağlı narazılıq istər-istəməz dərinləşəcək. Həmin qurumlar haqlı olaraq ictimai qınağa tuş gələcəklər. Təbii ki, dövlət, cəmiyyət sadə qınaqla kifayətlənməyəcək. Həmin şirkətlərin fəaliyyəti ciddi təftiş oluna, hətta dayandırıla, müvafiq qurumlar isə yenidən təsis oluna bilər. Dövlətin belə hallarda vaxtaşırı zəruri müdaxiləsi olur. İnsanlar – xüsusən, mənzilə, himayəyə ehtiyacı olanlar narazıdırlarsa, dövlət bu narazılığı eşidir. İnsanları bu qədər narazı salmaq dövlət səviyyəsində qəbuledilməzdir, cəmiyyət üçün arzuolunan deyil. Sosial-hüquqi müstəvidə burada cinayət motivləri də özünü göstərir. Bunu isə hüquqşünaslar araşdırmalıdırlar, ictimai və hüquqi nəzarət mexanizmi olmalıdır. Hər bir halda insanlar öz hüquqlarını bilməli və onu müdafiə etməyi bacarmalıdırlar. İctimai maarifləndirmə də bu istiqamətdə getməlidir. Son zamanlar polisimizin bununla bağlı daha çox pozitiv addımlarını görürük. Daxili İşlər Nazirliyinin də belə məsələlərə qarışması çox yaxşıdır. Şəffaflıq baxımından geniş nəzarətin təmin olunması vacibdir. Nəzarət mexanizmində hüquqi cəhətdən pozuntular varsa, bunu aradan qaldırmaqdan ötrü vaxtaşırı müdaxilədənsə, daimi, şəffaf nəzarət mexanizminin təmin edilməsi daha məqsədəuyğundur”.