Azərbaycanda jurnalistlər nə qədər maaş alır – Rəqəmlər açıqlandı
Media sektorunda tez-tez paylaşılan iş elanlarındakı əməkhaqqı təklifi müzakirə mövzusu olur. Bəzən tələblər bölməsində hərtərəfli bilik və bacarıqları qeyd edən işəgötürənlər təklif bölməsində ona adekvat olmayan bir rəqəmlə əməkhaqqını göstərirlər. Əsasən 400-500 manatlıq əməkhaqqı təklifi jurnalistləri narazı salır. Onlar, işçidən savad, təhsil, təcrübə, dil bilgisi, SMM bacarığı, diqqət, gərgin rejimdə işləmək bacarığı və sürət tələb edən ən çətin fəaliyyət sahələrindən biri olan jurnalistikada əməkhaqqının bu səviyyədə olmasını yanlış hesab edirlər.
Onu qeyd edək ki, Azərbaycanda media sahəsində distant iş təcrübəsi o qədər də yayılmayıb, ofisdən işləmək şərti bütün iş elanlarında qeyd edilir. İş yeri də şəhərin mərkəzində… Bu əmək haqqının ən az 200 manatının yol xərcinə hesablanması deməkdir. Nəticədə jurnalistin cibində qalan pul onun minimum ehtiyaclarına ancaq yetmiş olur.
Jurnalistlərtin bu narazılığına cavab olaraq, qarşı tərəf də qeyd edir ki, sözügedən iş təklifinə tələb var, müraciətlər də olunur və bu maaşla çalışanlar da var.
Onu da əlavə edək ki, bu rəqəmlər media sektorunda orta aylıq əmək haqqı deyil. Orta aylıq əməkaqqı daha yüksəkdir. Ehtimal ki, aşağı əməkhaqqı ilə olan iş təklifləri də daha çox jurnalist fəaliyyətinə yeni başlayan gənclər üçün sərfəli olur.
Tacxeber.com xəbər verir ki, Sitat.info-ya açıqlamasında tez-tez müzakirə olunan bu mövzuya münasibət bildirən Mətbuat Şurasının İH üzvü, media eksperti Müşviq Ələsgərli bildirdi ki, bu cür elanlar Azərbaycanda jurnalistika sahəsində orta statistik əməkhaqqı göstərici hesab edilmir: “Bu Azərbaycanda orta statistik göstərici deyil, ən aşağı göstəricidir. Biz Azərbaycanda media sahəsində əməkhaqqlarını 3 kateqoriya üzrə bölürük. 500 manata qədər əmək haqqı verən media subyektləri, 500-dən 1000 manata qədər olanlar və 1000 manatdan yuxarı olanlar… Biz təsnifatlaşmanı təqribən bu cür edirik. Hər il bu statistikanı paylaşırıq. Düzdür, bu gün Azərbaycanda jurnalistə 400-500 manat əmək haqqı verənlər var, amma onların sayı kifayət qədər aşağıdır. Təxminən 15-20 faiz media subyektləri az maaş verir”.