Təhsil müəssisələrində ŞOKOLADLI TREND: Müəllimə verilən dəyər, yoxsa…
Son günlər istər ümumtəhsil müəssisələri, istərsə də ali təhsil məktəblərdə şagird və tələbələrin sevimli müəllimlərinə şirniyyat, şokolad vermələri ilə bağlı yeni trend başladılıb. Sosial şəbəkələrdə paylaşılan müxtəlif videolara yanaşmalar da birmənalı deyil. Bir çoxları bu cür videoların stresli iş mühitində xoşagələn olduğunu bildirsə də, bəziləri müəllimlərinin əllərini açaraq şirniyyat almalarını peşələrinə uyğun olmadığını qeyd edir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Medianews.az-a açıqlamasında bunun gəncliyin trendi olduğunu qeyd edib.
Bildirib ki, gənclər belə vasitələrlə müəllimlərə öz sevgilərini, hörmətlərini göstərirlər: “Burada neqativ, qeyri-qanuni heç nə yoxdur. Əgər tələbə müəllimə şokolad verməklə öz sevgisini göstərirsə, deməli müəllim auditoriyada hörmət qazana bilib. Bu trend Azərbaycanda yaranmayıb, xaricdə başladılıb. Vaxtaşırı belə trendlər olur və Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün burada geniş yayılır”.
Bütün müəllimlərin sevilməyə layiq olduğunu diqqətə çatdıran deputat vurğulayıb ki, onların şagird və tələbənin formalaşmasında iştirakı əhəmiyyətlidir: “Pis-yaxşı müəllim yoxdur, hər biri sevilməyə layiqdir. Hesab edirəm ki, tələbənin bir müəllimə qarşı etdiyi bu jest əslində bütün müəllimlərə edilir”.
Təhsil eksperti Elçin Süleymanov deyib ki, şagirdlərin müəllimlərə, sevdikləri şəxsə dəyər vermələri müsbət addımdır.
Onun sözlərinə görə, xüsusilə məktəblərdə baş verən neqativ hallar fonunda müəllimlərin sevildiyini bildirən videoların paylaşılması təqdirəlayiqdir: “Müəllimlər bir gün yox, hər gün hörmətə, dəyərə layiq insanlardır. Çünki onların şagird və tələbələrin formalaşmasında zəhməti kifayət qədər böyükdür. Trend olan videolarda biz müəllimə verilən dəyəri, sevgini görürük. Lakin bunun süni yox, təbii olması daha yaxşıdır. Çünki müəllimlə şagird-tələbə arasında baryer aradan qaldırılmalıdır. Müəllim-tələbə boş vaxtlarda çay süfrəsi arxasında oturub gələcək karyera, təcrübə mövzusunda səmimi söhbət etməlidirlər. Tələbələr, şagirdlər onların həyatlarını şəkilləndirən şəxslərə hörmət etməlidirlər. Ümumtəhsil müəssisələrində və ali məktəblərdə müəllim olmaq əziyyətli işdir. Yeni nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq səbir tələb edir. Müəllimlər şagirdlərinin sevgilərini doğrultmaq üçün daha səmimi və fədakar olmalıdırlar”.