• 22 Dekabr 2024 17:57

Seyid Mehdi Haşemi, İran İslam inqilabının qəhrəmanı idi, sonra edam edildi

Seyid Mehdi Haşemi 1944-cü ildə İsfahanda anadan olub. Ata və ana tərəfdən ruhani ailədən idi, özü də ruhani təhsil alır. 

 

1963-cü ildə baş verən etiraz hadisələrindən sonra Xomeyninin tərəfdarına çevrilir. Onun fikirlərini yaydığı üçün bir neçə dəfə həbs olunur. Əyalət səviyyəsində fəaliyyət göstərən Haşimi 1977-ci ildə bütün İranda məşhurlaşdı.

 

O zaman İsfahan ruhaniləri iki hissəyə bölünmüşdülər. Bir hissəsi Xomeyninin tərəfdarı idi və şah əleyhinə siyasi fəaliyyəti dəstəkləyirdi. Digər hissəsi isə başqa bir böyük ayətullah Əbülqasim Xoyinin siyasətdən uzaq olmaq fikrinə tərəfdar idi. Bu tərəfin nümayəndələrindən biri, Xomeynini tez-tez tənqid edən Seyid Əbülhəsən Şəmsabadi 1977-ci ildə öldürüldü. Bu qətldə Mehdi Haşemi şübhəli bilndi və həbs olundu. Birinci instansiya məhkəməsi Haşimini edama məhkum etdi, amma Ai məhkəmə işi geri qaytardı. Məsələ yenidən araşdırılana qədər İslam inqilabı baş verdi və Haşimi azadlığa çıxdı.

 

Mehdi Haşemi İslam inqilabı keşikçiləri korpusunda önəmli vəzifə tutdu, İslam inqilabının qonşu ölkələrə yayılması ilə məşğul olan Azadlıq hərəkatları şöbəsinə rəhbərlik etdi. Bu zaman o, Xomeyninin varisi sayılan Hüseynəli Möntəziri ilə yaxınlaşır. Qardaşı Hadi Haşemi Möntəzirinin kürəkəni idi, özü isə ayətullahın oğlu Məhəmmədlə yaxın dost idi.

 

Ölkə daxilindəki bütün müxalif qruplar darmadağın ediləndən sonra hakimiyyətin öz daxilində fikir ayrılıqları yaşanır. Mövcud fraksiyalar arasında müxtəlif hallarla bağlı ixtilaflar mövcud idi. Bunlardan biri də sonralar İrangeyt adını alacaq hadisə idi. İraqla müharibə aparan İran ciddi ehtiyac duyduğu ABŞ istehsallı silah, sursat və ehtiyat hissələri İsrail vasitəsilə satın almağa başladı. Mehdi Haşemi bunun əleyhdarı idi və bu məxfi əməliyyat barədə informasiyanı Livanda çıxan bir qəzetə sızdırdı.

 

Qəzet həmin məlumatı 1986-cı ilin noyabrın 3-də dərc etdi və həm ABŞ-da, həm İranda ciddi rezonans doğurdu. ABŞ konqresi İrana silah satmağı qadağan etmişdi. İran isə ABŞ-ı “böyük şeytan”, İsraili “kiçik şeytan” adlandırırdı, indi məlum olurdu ki, hər iki şeytanla alış-veriş edib.

 

Haşemi isə hələ məlumat qəzetdə getməmişdəm öncə dövlətə xəyanət ittihamı ilə həbs olundu. Xüsusi ruhani məhkəmə onu hüccətül islam titulundan məhrum etdi. Amma etiraf ifadələri almaq üçün 8 aydan çox vaxt lazım gəldi. Ağır işgəncələrə məruz qalması ehtimal olunan Mehdi Haşemi televizora çıxaraq günahlarını etiraf etdi. Onu siyasi cinayətlərdən əlavə Əfqanıstandan tiryək qaçaqmalçılığında da günahlandırdılar.

 

Mehdi Haşemi 1987-ci il sentyabrın 28-də edam olundu və yalnız bundan sonra haqqında çıxarılan hökm elan edildi. O zaman İranın kəşfiyyat və milli təhlükəsizlik naziri olan Məhəmməd Reyşəhri xatirələrində yazır ki, belə ardıcıllıq ayətullah Möntəzirinin müdaxiləsinə yol verməmək üçün seçildi. Beləcə, inqilab daha bir övladını yedi.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər