Trampın Ukrayna planı: Putin razılıq verəcəkmi?
– Cəbhə xəttində atəşin dayandırılması;
– Atəşkəsin monitorinqi üçün Avropa ölkələrinin hərbi kontingentinin təmas xəttində yerləşdirilməsi;
– Ukraynanın NATO üzvlüyünün təxirə salınması;
– Atəşkəs dövründə Ukraynanın hərbi baxımdan daha da gücləndirilməsi.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planının konturları yavaş-yavaş bəlli olmağa başlayır. ABŞ mediasında bu mövzuda dərc olunan yazılara və Trampın özünün açıqlamalarına istinadən planın başlıca müddəalarını ümumi şəkildə yuxarıda qeyd edilən kimi ifadə etmək olar.
Lakin məsələ burasındadır ki, bu şərtləri söyləmək və kağız üzərində yazmaq asan, həyata keçirmək isə çox çətindir. Tramp özü də bunu etiraf edir. Artıq o, seçki kampaniyası dövründə dediyi sözləri (müharibəni 24 saat ərzində dayandıracağını) təkrarlamır. Tam əksinə, bildirir ki, Ukrayna məsələsinin həlli Orta Şərqdəki problemin həllindən daha çətindir.
Həqiqətən də, 3 ilə yaxındır davam edən qanlı savaşın bir anda dayandırılması və hər iki tərəfin qəbul edəcəyi atəşkəs anlaşmasının əldə olunması çox mürəkkəb vəzifədir. Söhbət məhz atəşkəs razılaşmasından gedir, problemin kökündən həllini ehtiva edən sülh sazişindən yox. Yekun sülh müqaviləsinin imzalanması ehtimalı bu mərhələdə sıfırın da altındadır, çünki Rusiya işğal etdiyi ərazilərdən könüllü çıxmaz, Ukrayna isə öz ərazilərindən imtina etməz. Əgər atəşkəs əldə olunarsa, münaqişə qeyri-müəyyən müddətə dondurulacaq. Aydındır ki, Putin həyatda olduğu müddətdə Rusiya və Ukraynanın barışması imkansızdır. Yalnız diktatorun ölümündən sonra tərəflərin masaya oturub hansısa ortaq məxrəcə gəlməsi ehtimalı var.
Trampın planının detallarına qayıdaq.
Atəşkəs
Əvvəlcə ondan başlayaq ki, tərəflər mövcud təmas xəttində atəşkəsi qəbul edəcək, ya yox? Ukrayna buna razılıq verməyə məhkumdur, ona görə ki, ABŞ-ın hərbi və maddi dəstəyindən asılıdır və Trampa “yox” demək lüksü yoxdur. Rusiya üçünsə bu mərhələdə atəşkəsə getmək sərfəli deyil, hazırda Rusiya ordusu ağır itkilər hesabına da olsa, Donbas cəbhəsində irəliləyir. Digər tərəfdən, Rusiya ərazisinin bir hissəsi – Kursk vilayətinin təxminən 600 kvadrat kilometri Ukraynanın əlindədir. Əgər Trampın andiçməsinə qədər Rusiya bu əraziləri geri ala bilməsə, o zaman Moskva öz ərazisində təmas xətti yaranmasını və torpaqlarının bir qisminin Ukraynanın nəzarətində qalmasını qəbul edəcəkmi? Çətin.
Böyük ehtimalla, Ukrayna ərazi mübadiləsini gündəmə gətirəcək və Kurskdan çıxmağın əvəzində ya işğaldakı eyni ölçüdə ərazinin, ya da strateji əhəmiyyətli obyektin, məsələn, Zaporojye AES-in yerləşdiyi Enerqodar şəhərinin (63,5 kv. km) ona qaytarılmasını tələb edəcək. Moskva buna razı olacaqmı? Bu suala da müsbət cavab vermək mümkün deyil.
Yəni atəşkəsə nail olmaq elə də asan vəzifə kimi görünmür.
Avropa qoşunlarının təmas xəttinə yerləşdirilməsi
Tramp bildirir ki, istər problemin həllində, istərsə də Ukraynanın maliyyələşdirilməsi və silahlandırılmasında Avropa öz üzərinə daha çox məsuliyyət götürməlidir. Tramp haqsız deyil, çünki Ukraynadakı müharibə Avropanın təhlükəsizliyinə birbaşa təhdid yaradır. Bu səbəbdən Avropa İttifaqı Ukrayna məsələsində daha ciddi rol oynamalı və daha çox vəsait xərcləməlidir. Ümumiyyətlə, əgər Aİ qlobal güc mərkəzi olmaq iddiasındadırsa, bu ambisiyasını gerçəkləşdirmək üçün öz syasətində ciddi keyfiyyət dəyişikliyinə getməlidir. Böhranlar həm də yeni fürsətlər açır. Görünən odur ki, Avropa Komissiyasının Baltik ölkələrindən olan yeni rəhbərliyi və Fransanın timsalında Aİ bu fürsətlərin fərqindədir. İttifaq öz hərbi komponentini gücləndirməyi düşünür və müvafiq planlar qurur. Aİ Ukrayna məsələsini məhz fürsət kimi görərək Böyük Britaniya ilə birlikdə vahid strategiya həyata keçirə bilər. Müharibədən sonra isə Ukraynanı üzvlüyə qəbul etməklə Baltik-Qara dəniz xətti üzrə Rusiya imperializminin ekspansiya cəhdlərinin və arzularının önünə sədd çəkmək mümkündür. Şübhəsiz ki, Rusiyanı çəkindirən əsas güc qismində ABŞ-ın bu prosesdə ümumi liderliyinə və dəstəyinə də ehtiyac olacaq. Prinsipcə, Tramp da buna etiraz etmir, onun əsas şərti budur ki, NATO-nun Avropa qanadı hərbi xərcləri artırsın.
Avropa qoşunlarının sülhməramlı qismində təmas xəttində yerləşdirilməsinə gəlincə, bu əməliyyat NATO bayrağı altında həyata keçirilməsə belə, söhbət məhz NATO üzvü olan Avropa ölkələrindən gedir. Belə bir missiya yaradılarsa, Fransa, Britaniya və Almaniya orada əsas rol oynayacaq. Bu ölkələr NATO-nun ABŞ-dan sonrakı sütunlarıdır. Fransa və Britaniya nüvə dövlətləridir. Belə çıxır ki, NATO ölkələrinin qoşunları (ən azı 40 minlik kontingent) atəşkəs müddətində ingilis və ya fransız generalın komandanlığı altında Ukraynada yerləşdirilmiş olacaq. Bu isə Ukraynada faktiki olaraq NATO hərbi bazalarının yaradılması anlamına gəlir. Atəşkəsin qeyri-müəyyən müddət davam edəcəyini nəzərə alsaq, həmin dövrdə o kontingent Ukraynada qalmış olacaq, bu isə Rusiyanın maraqlarına tamamilə ziddir. Çünki Rusiya Ukrayna üzərində hərbi təzyiq rıçaqını itirmiş olacaq. Putinin bunu qəbul etməsi ehtimalı yüksək deyil.
Rusiyaya güzəştlər
Trampın planında Rusiyaya güzəşt də nəzərdə tutulub. Əvvəla, işğal olunmuş ərazilərin Rusiyanın faktiki nəzarətində qalmasına Ukraynanın razı salınmasını Moskvanın uğuru kimi qeyd etmək olar. Bu o deməkdir ki, Ukrayna ərazisinin 20%-ə yaxını Rusiyanın əlində qalacaq. Həmin torpaqların nə vaxt geri alınacağı, ümumiyyətlə, qaytarılıb-qaytarılmayacağı məchuldur.
Rusiyaya ediləcək digər güzəşt Ukraynanın NATO-ya qəbulunun təxirə salınmasıdır. Bununla bağlı konkret müddət (minimum 10 il) müəyyən edilə bilər. Əgər razılaşma baş tutarsa, Putin rejiminin təbliğat ruporları bu iki məqamı daxili və xarici ictimaiyyətə uğur kimi təqdim edə bilər.
Rezüme
Beləliklə, Trampın planında hər iki tərəfi də qane edən və etməyən məqamlar var. Başqa cür mümkün də deyil, belə durumlarda yalnız qarşılıqlı güzəştlərlə razılığa gəlmək mümkündür. Amma müharibə bu şərtlərlə başa çatarsa, Rusiya siyasi məqsədlərinə çatmamış olacaq.
2022-ci ilin fevralında öz ordusuna hücum əmri verən Putinin məqsədi Ukrayna ərazilərinin daha bir hissəsini ələ keçirməklə kifayətlənmək deyildi. Putinin niyyəti “Ukrayna məsələsinin yekun həlli” idi (Alman faşistlərinin “yəhudi məsələsinin yekun həlli” konsepsiyasına mahiyyətcə bənzər şəkildə). Plan beləydi ki, Ukraynadakı mövcud hökumət devriləcək, yerinə Moskvadan asılı marionet rejim qurulacaq. Müharibənin ilk günlərində birbaşa Kiyevə hücumda məqsəd bu idi. Bununla Ukrayna təkrar Moskvanın orbitinə qaytarılacaq və Rusiya-Belarus İttifaq Dövlətinə qoşulacaqdı. Krımın, eləcə də Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının subyektləri kimi tanınması, NATO və Aİ üzvlüyündən imtina, rus dilinin ikinci rəsmi dil olması, Ukrayna millətçiliyinin bütün təzahürlərinin (siyasətdə, təhsildə, hərbi sistemdə, mədəniyyətdə, ədəbiyyatda və s.) aradan qaldırılması, sovet-kommunist simvollarının bərpası nəzərdə tutulurdu. Ukrayna ordusu simvolik sayda əsgər və silah sistemlərinə malik olacaqdı.
Denasifikasiya və demilitarizasiya məhz bunlar nəzərdə tutulurdu. Trampın planı reallaşarsa, Rusiya bu məqsədlərinə çatmamış olacaq. Ukraynanın NATO-ya qəbul olunmaması onun sonrakı təhlükəsizliyi ilə bağlı suallar yaratsa da, təmas xəttinə NATO üzvü olan Avropa dövlətlərinin qoşunlarının yerləşdirilməsi təhlükəsizlik təminatı sayıla bilər. Üstəlik, Tramp Ukraynanın hərbi baxımdan daha da gücləndiriləcəyinə söz verir.