AXCP-nin Səbail şöbəsinin sədri saxlanılıb
Ceyhun Novruzovun sabah (bu gün) məhkəməyə çıxarılacağı gözlənilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Səbail rayon şöbəsinin sədri Ceyhun Novruzovun polis tərəfindən saxlandığı bildirilir.
Bu barədə partiyadan məlumat verilib.
Partiyadan bildirilib ki, Ceyhun Novruzov dekabrın 13-də axşam saat 21.00 radələrində “20-ci sahə” qəsəbəsində saxlanılaraq, Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb.
“Bölmədə Ceyhun Novruzov haqqında inzibati protokol tərtib edilib. Sabah onun məhkəməyə çıxarılacağı gözlənilir”, – AXCP-dən belə deyilib.
Partiyadan vurğulanıb ki, Ceyhun Novruzov heç bir pozuntuya yol vermədiyi halda, onun haqqında protokol tərtib edilib:
“İctimai-siyasi fəalların, o cümlədən də cəbhəçilərin xuliqanlıq, polisə müqavimətlə şərlənib həbs olunması ənənəvi metoddur. Burada təəccüblü və ya gözlənilməz heç nə yoxdur. Günahsız insanları nə vaxta qədər belə utanmaz-utanmaz şərləməyə davam edəcəklər?”
AXCP-dən vurğulanıb ki, hazırda partiyanın 10 nəfərdən çox üzvü həbsdədir.
Onların bir qismi narkotiklə şərlənib:
“Narkotikin nə olduğunu bilməyən adamları narkotiklə şərləyirlər”.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə iddia edir ki, həbs olunanlar konkret faktlar əsasında saxlanılıb. (Meydan TV)