AXCP üzvünə 10 sutka həbs cəzası verilib
Ceyhun Novruzov xırda xuliqanlıq və polisin əmrinə tabe olmamaqda günahlandırılıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Səbail şöbəsinin sədri Ceyhun Novruzova 10 sutka inzibati həbs cəzası verilib.
Dekabrın 14-də Səbail Rayon Məhkəməsində onun haqqında qərar çıxarılıb.
İddia olunur ki, AXCP funksioneri küçədə söyüş söyüb, onu intizama dəvət edən polisə tabesizlik göstərib. Lakin Ceyhun Novruzov bu ittihamı rədd edir.
Tacxeber.com xəbər verir ki, AXCP-dən Meydan TV-yə bildirilib ki, Ceyhun Novruzov dekabrın 13-də axşam saat 21.00 radələrində “20-ci sahə” qəsəbəsində saxlanılaraq, Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb:
“Bölmədə Ceyhun Novruzov haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə inzibati protokol tərtib edilib”.
Partiyadan vurğulanıb ki, Ceyhun Novruzov heç bir pozuntuya yol vermədiyi halda, onun haqqında belə bir protokol tərtib edilib:
“İctimai-siyasi fəalların, o cümlədən də cəbhəçilərin xuliqanlıq, polisə müqavimətlə şərlənib həbs olunması ənənəvi metoddur. Burada təəccüblü və ya gözlənilməz heç nə yoxdur. Günahsız insanları nə vaxta qədər belə utanmaz-utanmaz şərləməyə davam edəcəklər?”
AXCP-dən verilən məlumata görə, hazırda partiyanın 10 nəfərdən çox üzvü həbsdədir:
“Onların bir qismi narkotiklə şərlənib. Narkotikin nə olduğunu bilməyən adamları narkotiklə şərləyirlər”.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə iddia edir ki, həbs olunanlar konkret faktlar əsasında saxlanılıb.