Enerji içkilərinin QORXUNC ÜZÜ – Kardioloqdan xəbərdarlıq
Son illər insanlar arasında enerji içkilərinə tələbat kəskin şəkildə artıb. Gənc və orta yaşlılardan savayı, azyaşlı uşaqlar da belə içkilərə olduqca meyillidir. Siqaret və spirtli içkidən fərqli olaraq, mağazalarda bu növ içkilərin satışına hər hansı bir məhdudiyyət tətbiq edilmir. Lakin enerji içkilərinin insan orqanizminə fəsadları olduqca çoxdur.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, enerji içkilərindən mütəmadi istifadə insanlarda erkən yaşda diabet və piylənmə yaradır:
“Əvvəllər siqaret və narkotik vasitələrə qarşı nə qədər mübarizə aparırdıqsa, bu da eyni istiqamətdə bizi narahat edən məsələdir. Enerji içkiləri elə-belə adi su deyil. Onun tərkibində kifayət qədər sinir sistemini oyadan və ürəkdöyünmə yaradan kofein maddəsi var. Eyni zamanda piylənmə və şəkər xəstəliyinə, mədə-bağırsaq xəstəliklərinə gətirib çıxaran çoxlu sayıda inqredientlər məhz enerji içkilərində cəmləşib. 5-10 il ərzində mütəmadi enerji içkisi içən insanda şəkərli diabet xəstəliyi artıq hazırdı”.
Kardioloq qeyd edib ki, enerji içkilərinin ən dağıdıcı zərəri isə hipertoniya (təzyiq) xəstəliyini meydana gətirməsidir: