“Artıq Avropa bazarına çıxmışıq” – Qurban Qurbanov
Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan oyunda “Şamaxı” ilə qarşılaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçı şərh edib.
Tacxeber.com xəbər verir ki, o, səfərdə 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı bunları dilə gətirib:
“Futbolçularımı təbrik edirəm. Ayxan Abbasov düzgün müdafiə qurmuşdu. “Şamaxı”ya qarşı oynamaq həmişə çətin olub. Hər oyunumuz gərgin alınır. Sıx qrafikdə çıxış edirik. Hər zaman ilin sonlarına yaxın futbolçuların sağlıq durumundan narahat olmuşam. Oyunçularda avrokubok matçlarından sonra gərginlik daha çox idi. Ümumilikdə isə keyfiyyəti qoruyub saxlamağı bacardıq. Lakin ildən-ilə bu tempi qoruyub saxlamaq çətinləşir”.
O, rəqib futbolçu Leroy Mikels haqqında da danışıb: “Leroy Mikels yaxşı oyunçudur. Mənim komandamda da belə oynayardı, ya yox, bu, sual altındadır”.
Mütəxəssis futbolçusu Juninyonun bu matçda iştirak etməməsinin səbəbini açıqlayıb: Juninyonun ehtiyatda qalması daha çox öz istəyinə bağlıdır. İstirahət etməyə ehtiyacı olduğunu bildirdi və ona uyğun qərar qəbul etdim”.
Baş məşqçi 28 yaşlı hücumçunun “Sevilya”ya keçəcyi haqda yayılan məlumatlara da münasibət bildirib: “Onun “Sevilya”ya mümkün gedişinə gəlincə, hər oyunçunun gedişi kollektiv üçün problemə çevrilir. Bu, əlbəttə ki, mənim işimə mane olur. “Sevilya” kimi klubdan təklif gəlib. Juninyo bu xəbəri eşidəndə çox sevinib. Klubla danışıqlar gedir. Biz də heç bir futbolçuya az məbləğ ödəmirik. Deyə bilərəm ki, artıq Avropa bazarına çıxmışıq. Bu, yeni və perspektivli bir addımdır. Buna görə komandamıza kənardan diqqət daha da çoxalacaq və çempionatımıza maraq artacaq. Azərbaycan futbolunun belə bir bazarda iştirak etməsi həm klubumuz, həm də ölkə üçün böyük addımdır. Juninyo da bildirdi ki, bu məsələdə hər şey qaydasında olsa, sevə-sevə gedərəm”.
Q.Qurbanov son oyunlarda daha çox azərbaycanlı futbolçuların qollar vurmasına toxunub: “Doğrudur, son oyunlarda əsasən yerli oyunçular fərqlənirlər. Yorğunluq amili ola bilər, hamısında bu hiss olunur. Toral, Nəriman və Musa isə görünür, daha dinc və istəklidirlər. Musa artıq təcrübəlidir. Toral da həmçinin. Nərimanda bir ara eniş var idi, ancaq son vaxtlar həm məşqlərdə, həm oyunlarda özünü yaxşı tərəfdən göstərir, ondan da razıyam”. (Fanat.az)