Avropa Parlamenti Vilayət Eyvazov, Əli Nağıyev və Fuad Ələsgərova sanksiya qoyulmasına çağıran qətnamə qəbul edib
Qətnamədə Azərbaycan hökumətindən repressiyaların son qoyulması, siyasi motivlərlə həbs olunanlarına zadlığa buraxılması, Avropa Komissiyasından isə Azərbaycanla imzalanan qaz idxalına dair Anlaşma Memorandumunu dayandırmaq tələb olunub.
Dekabrın 19-da Avropa Parlamenti Azərbaycanın üç yüksək rütbəli məmuruna qarşı sanksiyaya çağıran qətnamə qəbul edib.
Müzakirələrdən sonra 434 deputat qətnamənin lehinə, 30 nəfər əleyhinə səs verib. 89 deputat isə səsvermədə iştirak etməyib. Sənəd tövsiyə xarakterlidir və məcburi əhəmiyyət daşımır.
Bakıda ictimai siyasi fəalların həbsinin fonunda avropalı deputatlar Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, prezident İlham Əliyevin köməkçisi Fuad Ələsgərova, daxili işlər naziri Vilayət Eyvazova və dövlət təhlükəsizlik xidmətinin rəisi Əli Nağıyevə sanksiya qoyulmasına çağırırlar.
Bununla bağlı yayılan sənəddə qeyd edilib ki, 2023-cü ildən etibarən Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti, müxalifət, insan hüquqları müdafiəçiləri, LGBTI+ icması və müstəqil mediaya qarşı sistematik repressiyalar həyata keçirir və bu təzyiqlər COP29 konfransı ərəfəsində daha da intensivləşib.
“Azərbaycanda 300-dən çox siyasi məhbus, o cümlədən keçmiş tanınmamış Dağlıq Qarabağ Respublikasının rəhbərlərinin də aralarında olduğu 23 erməni hərbi əsir var”, – deyə qətnamədə deyilir.
Sənəddə siyasi məhbus və 2024-cü il Saxarov Mükafatının finalçısı Qubad İbadoğlu və insan haqları müdafiəçisi Anar Məmmədlinin sağlamlığında yaranan problemlər də xatırladılıb.
“Avropa İnsan Hüquqları Məhkəməsi Qubad İbadoğlunun səhhətinin kritik vəziyyətdə olduğunu, xəstəxanaya yerləşdirilməli və təcili ürək əməliyyatı olunmalı olduğunu qərara alıb. Lakin qərarın icrasına maneələr yaradılır.
Vətəndaş cəmiyyəti üzvü Anar Məmmədli isə 2024-cü ilin aprelindən saxta ittihamlarla istintaq təcridxanasında saxlanılır və ona tibbi yardım göstərilmədiyindən sağlamlıq durumu pisləşib”.
Avropa Parlamentinin qətnaməsində Azərbaycanda son günlər həyata keçirilən həbslərə də toxunulub.
“2024-cü ilin dekabr ayının əvvəlində Azərbaycan hakimiyyəti MeydanTV-nin jurnalistləri Aynur Qənbərova, Aytac Əhmədova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Aysel Umudovanı, həmçinin jurnalistlər Ramin Cəbrayılzadə və Əhməd Muxtarı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov, siyasi lider Azər Qasımlı və insan hüquqları müdafiəçisi Rüfət Səfərovu həbs edib. Onların hamısı əsassız və siyasi motivli ittihamlarla üzləşirlər”, – qətnamədə vurğulanır.
Qeyd edilib ki, ekoloji fəal Kamran Məmmədli COP29 zamanı təhlükəsizlik əməkdaşları tərəfindən hücuma məruz qalıb və daha sonra onun ölkədən çıxışına qadağa qoyulub.
Parlamentin qətnaməsində həbsxanalarda məhbusların hüquqlarının pozulduğu, onların qeyri-insani şəraitdə saxlanıldığı, işgəncələr verildiyi vurğulanıb, qadın siyasi məhbuslara, o cümlədən “Abzas Media”nın jurnalisti Nərgiz Absalamovaya xüsusi təzyiqlər edildiyi xatırladılıb.
Bütün sadalananlar nəzərə alınaraq Avropa Parlamentinin yaydığı Qətnamədə aşağıdakı tələblər yer alıb:
1.Azərbaycan hökumətinin ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarını pozmasını, habelə məhkəmə sistemindən siyasi motivlə sui-istifadə etməsini sərt şəkildə qınayırıq;
2. Azərbaycan hakimiyyətini bütün müxalif qruplarına qarşı repressiyalara dərhal son qoymağa, insan hüquqları müdafiəçilərinə, jurnalistlərə, siyasi və digər aktivistlərə qarşı saxta, siyasi motivli ittihamları dərhal ləğv etməyə və onları qeyd-şərtsiz azad etməyə çağırırıq;
3. Hakimiyyətdən Qubad İbadoğlunun ölkədən çıxış qadağasını dərhal aradan qaldırmağı, ona qarşı bütün ittihamları qeyd-şərtsiz ləğv etməyi və təcili tibbi müalicə üçün xaricə getməsinə imkan yaratmağı tələb edirik, İbadoğlunun Saxarov Mükafatı mərasimində iştirak etməyinə və ya onlayn qoşulmağına icazə verilməməyini qınayırıq;
4. Azərbaycan hakimiyyətini qeyri-hökumət təşkilatlarının və medianın qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı qanunlarını Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdıraraq müstəqil mediaya tətbiq olunan həddindən artıq sərt məhdudiyyətləri ləğv etməyə çağırırıq, MeydanTV, ToplumTV, Abzas Media və Kanal13-ə qarşı repressiyaların dayandırılmağını tələb edirik;
5. Aİ-nin qlobal insan hüquqları sanksiya rejimi çərçivəsində Fuad Ələsgərov, Vilayət Eyvazov və Əli Nağıyev kimi ciddi insan hüquqları pozuntularına yol verən Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiq olunmağını tələb edirik;
6. Aİ-Azərbaycan tərəfdaşlıq sazişi, o cümlədən enerji sahəsində – əsas hüquqlara hörmət və bütün siyasi məhbusların azad edilməsi şərtilə olmalıdır; bir daha Komissiyanı enerji sahəsində Strateji Tərəfdaşlığa dair 2022-ci il Anlaşma Memorandumunu dayandırmağa çağırırıq (AbzasMedia)