“Bizdə heç vaxt böyük arxalı, böyük sinəli qadınlar olmayıb” – Sosioloq onları tənqid etdi
“Son vaxtlar xüsusilə qadınlar arasında estetik əməliyyatlara müraciət edənlərin sayı çoxalıb. Qadınlar hər zaman gözəl görünmək istəyirlər. Onların bir-birinə bəhsi gözəllik məsələsində hökmən olur. Əsasən Azərbaycan qadınlarının sanki fərdi xarakteridir ki, mən mütləq gözəl olmalıyam”.
Bu fikirləri sosioloq Mətanət Məmmədova Redaktor.az-a açıqlamasında dedi.
Onun sözlərinə görə, əvvəllər belə şeylər olmayıb:
“Elm, texnika inkişaf etdikcə qadınlar gördülər ki, artıq biz bunu edə bilərik. Əvvəllər belə şeylər təkcə paytaxt Bakıda idi. Ona görə də hər bir qadın üçün əlçatan deyildi. Amma sonra elmin, texnikanın inkişafı ilə bədəndə olan qüsurları aradan qaldırmaq mümkün oldu. Qadınlar da buna müraciət etməyə başladılar. Lakin bu əlçatanlıq o demək deyil ki, sən hər şeyi öz üzərində tətbiq edəsən. Həkimlərin özləri də bildirirlər ki, bu, kimlər üçün olar, kimlər üçün olmaz. Ancaq bizdə elə qadınlar var ki, gözəl görünməyə görə öz sağlamlıqlarını qurban verirlər. Bu zaman onlar həm də təbii görünməkdən uzaqlaşırlar, özlərini gülünc vəziyyətə salırlar. Məsələn, dodaq dolğularına çox qadında rast gəlmək mümkündür. Elə qadınlar var ki, çox az toxunuşlarla çox gözəl görünürlər. Elə qadınlar da var ki, dodaqlarına kənardan baxanda nə qədər çirkin bir varlığa çevrildiyini görmək olur. Yaxud ceyrangöz prosedurları var ki, qadınlar son vaxtlar buna müraciət edirlər. Heç estetik həkimlərin özləri də buna yaxşı baxmırlar, sadəcə olaraq müraciət olduğu üçün edirlər. Ceyrangöz olmaq nə deməkdir ki? İnsan necədirsə, elə olmalıdır. Müəyyən botokslarla müəyyən qədər qaşı-gözü yuxarıya qaldırmaq olar. Ancaq gedib gözünün formasını dəyişir, yaxud göz rənglərini seçən insanlar var, onların gələcəkdə hansı xəstəliklərlə nəticələnəcəyini insanlar dərk etmirlər”.
Sosioloq plastik əməliyyatları xarakterdəki zəifliklə əlaqələndirdi:
“Pop, sinə əməliyyatları var ki, qadınlar onların nədənsə böyük görünməsini arzu edirlər və bu, cəmiyyətimizdə kütləvi şəkildə yayılıb. Bu kosmetoloji prosedurlar, estetik əməliyyatlar qadınları “Şərq qadını” modelindən çıxarıb Avropa qadınına bənzədir. Bizim coğrafiyamıza, təbiətimizə uyğun insanların özünün fizioloji quruluşu var. Bizdə heç vaxt böyük arxa, böyük sinəli qadınlar olmayıb. Bu, bizim coğrafiyamıza xas deyil. Bu bədən quruluşu Avropada bəzi millətlərdə genetik, yəni anadangəlmə bir xüsusiyyətdir. Lakin biz özümüzü sonradan o formaya salmaqla nə qazanırıq? Niyə özümüz kimi yox, digərləri kimi görünmək istəyirik? Düşünürəm ki, cəmiyyətdə bəzi insanlar arasında psixoloji zəiflik var. Bütün əməliyyatlara müraciət edən kəslərin yolunu davam edən qadınların hər birində psixoloji gərginliklər var ki, onlar hökmən müalicə olunmalıdırlar. Yəni hansısa bir zəif cəhət var ki, onlarda estetik əməliyyatlara maraq yaranır. Lazımdır ki, həmin kəslər psixoterapevtə müraciət etsinlər və onların xəstəliyi aradan qaldırılsın”.
M.Məmmədova bildirdi ki, kosmetik-estetik əməliyyatları ümumiyyətlə lazımsız hesab etmək olmaz.