Böyük Britaniya Rusiya neftini satan azərbaycanlıların şirkətinə sanksiya qoyub
“Coral/2Rivers”in rəsmisi iki ildir Rusiyadan neft alıb-satmadıqlarını bildirsə də, şirkətə bağlı adlar Ukraynanın sanksiya paketinə düşəndən sonra səhmlər gözlənilmədən əl dəyişdirib.
Azərbaycanlı iş adamlarına məxsus şirkətlər Böyük Britaniya hökümətinin sanksiya siyahısına salınıb. Böyük Britaniyanın baş nazirliyinin ofisinin yaydığı məlumatda bildirilib ki, sanksiya “2Rivers DMCC” və “2Rivers PTE LTD” şirkətlərinə, eləcə də Putinin “kölgə neft donanması”na məxsus 20 neftdaşıyan tankerə qoyulub.
“Şirkətlər Putinin qiymətli neft ticarətini təmin edən əsas dayaqlardan olub, sanksiyalar isə onun Ukraynada apardığı qeyri-qanuni müharibəni davam etdirməsi üçün çox ehtiyacı olan neft gəlirlərini məhdudlaşdırmağa yönəlib“, – deyə açıqlamada qeyd olunub.
Bu qərar Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edəndən sonra verilib. Aİ-nin yeni sanksiya siyahısına fiziki və hüquqi şəxlərlə yanaşı, 52 neftdaşıyan tanker də daxil edilib. Sanksiya paketi ilə bağlı sənəddə Putinin kölgə neft donanması vasitəsilə sanksiyalardan yayındığı qeyd edilib.
“2Rivers” şirkəti isə sanksiya qərarı ilə bağlı bəyanat yayaraq ittihamların əsassız olduğunu bildirib. Britaniya hökümətinin qərarından dərin təəssüf keçirdiyini bəyan edən şirkət ötən ildən etibarən Rusiya ilə əlaqələrini kəsdiklərini bildirib.
““Coral/2Rivers” qəti şəkildə inanır ki, Böyük Britaniya sanksiyalarının təyin edilməsi əsassızdır və faktlara uyğun gəlmir. Şirkət bütün müvafiq hüquqi və diplomatik kanallar vasitəsilə bu qərara etiraz edəcək”, – deyə bəyanatda vurğulanır.
“Reuters“ agentliyi hələ bu ilin iyununda yazmışdı ki, “Coral Energy” şirkətini 2010-cu ildə Azərbaycan vətəndaşı Tahir Qarayev təsis edib. Neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan şirkətin Dubay, Sinqapur və Cenevrədə ofisləri var.
2021- 2022-ci illərdə “Coral Energy” Rusiya neftinin, o cümlədən “Rosneft” dövlət şirkətinin müştərilərindən birinə cevrilib. Belə ki, Rusiya nefti “Coral Energy”nin ticarət dövriyyəsinin ¼-ni təşkil edib. Şirkətin yeni rəhbərliyi isə 2023 və 2024-cü illərdə Rusiya ilə neft alqı-satqısını dayandırıldığını bəyan etmişdi.
“Biz Rusiya neftinə geri dönüş etməyi planlaşdırmırıq… bizim prioritetimiz diversifikasiyadır. Bu gün biz qeyri-rus mazut, qazolin, benzin, nafta, xam neft və neft-kimya mallarının ticarətini həyata keçiririk. Bizim xam neft payımız nisbətən aşağıdır, 10 faizdən azdır”, – deyə şirkətin maliyyə direktoru Əhməd Kərimov “Reuters”ə bildirmişdi.
Həm Azərbaycan, həm də Malta vətəndaşlığı olan Tahir Qarayevin adı ötən ilin mayında Ukrayna hökumətinin sanksiya siyahısına salınıb. Bu ilin əvvəlində isə o, şirkətdə olan 40 faizlik payını həmin şirkətin baş direktoru Tələt Səfərova, maliyyə direktorları Əhməd Kərimov və Anar Mədətliyə ötürüb. “Wall Street Journal” yazır ki, bu ilin yayına qədər “2Rivers” şirkəti “Coral Energy” adı altında fəaliyyət göstərib. Şirkətin adı sonradan yenidən brendləşdirilib.
Yeni səhmdarlar Rusiya ilə biznes əlaqələrini kəsdiklərini bəyan etsələr də, Böyük Britaniya höküməti “2Rivers DMCC”nin Rusiyanı sanksiyalardan yayındıran şirkətlər siyahısına daxil edib. Böyük Britaniya, Danimarka, İsveç, Polşa, Finlandiya və Estoniya Baltik dənizində şübhəli yükdaşıyan gəmilərin hərəkətinin qarşısının alınması üçün əməkdaşlıq edəcəklərini bildiriblər.