Zaur Hüseynov işdən niyə çıxarıldı? – 2 həftə öncə…
Bu gün – dekabrın 20-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri dəyişdirilib. Prezident İlham Əliyevin sərəncam ilə Zaur Mir Tofiq oğlu Hüseynov işdən çıxarılıb. Digər sərəncamla Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib.
Bu haqda Globalinfo.az dekabrın 6-da yazmışdı. Həmin məqalədə Z.Hüseynovun tezliklə vəzifədən azad ediləcəyini, yerinə sürpriz namizədin gətiriləcəyini qeyd etmişdik.
Həmin vaxt yeni sədrin kim olacağını bilirdik, sadəcə bəzi səbəblərdən ad yazmamışdıq.
Vüsal Aslanov ixtisasca hüquqşünasdır. O, 2016-cı ildən “Azərbaycan Dəmir Yolları” QSC-də sədr müavini işləyib. Vüsal Aslanovdan gözləntilər böyükdür. Həm ölkə rəhbərliyi, həm də ictimaiyyət ona qarşı tələbkar olacaq. Yeni sədri böyük məsuliyyət gözləyir. Demək olar, məhv edilmiş, iflic vəziyyətə salınmış bir təsərrüfatı yenidən qaydaya salmaq heç də asan olmayacaq.
Zaur Hüseynovla bağlı tənqidlər son vaxtlar daha artmışdı. Demək olar ki, işinin öhdəsindən gələ bilmirdi. Yarıtmaz fəaliyyəti Metropoliteni iflic duruma salmışdı. Hər gün pik saatlarda stansiyalarda yaşanan dəhşətli sıxlıqla bağlı fotolar, videolar sosial şəbəkələrdə və mediada yayılırdı.
Metropolitendəki mənbənin Globalinfo-ya verdiyi məlumata görə, Z.Hüseynovun fəaliyyəti ciddi şəkildə yoxlanır. Bu yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müəyyən qərarların verilə biləcəyi deyilir.