• 30 Dekabr 2024 22:06

Dəm qazı kimi can alan plastik əməliyyatlar – qurbanları artıran səbəblər

Adil Qeybulla: “Pasiyentlər  dehidratasiyadan, maye çatışmazlığından və digər fəsadlardan ölürlər”

 

Bakıda daha bir gənc qız plastik əməliyyatdan bir ay sonra – bu günlərdə dünyasını dəyişib. Bu 23 yaşlı Nərmin İsgəndərovadır. Hadisə “Mərcan Medicare” klinikasında baş verib.

 

Bunu ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova sosial media hesabında yazıb. O bildirib ki, baş verənləri Nərmin İsgəndərovanın anası Şahnaz Mehdiyeva danışıb.

 

“Nərminin anasının dediyinə görə, qızına qarın gərmə və bədən şəkilləndirmə əməliyyatını Nurlan Həsənli edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Nərmin bu barədə həkiminə məlumat versə də, təəssüf ki, bir çox saxta plastik cərrahlar kimi, Nurlan Həsənli də xəstəsinə laqeyd yanaşıb. Ailəsinin sözlərinə görə, gənc qız irin axan yarasına öz imkanları ilə dərman tapmağa çalışıb. Lakin yolda halı pisləşib və oradaca dünyasını dəyişib”.

 

Şahnaz Mehdiyeva səs yazısında təfərrüatları belə açıqlayıb: “Qızımın halı pisləşəndə həkim ona boyun olmadı və onu başqa xəstəxanaya yönləndirdi. Günü 180 manatdan orda qalmalı imiş. Nərminin imkanı olmadığı üçün getməyib, evdə müalicə olunub. Dekabrın 17-də səhər 8-ə işləmiş dərman almağa gedəndə səkidə yıxılıb rəhmətə gedib. Onun dörd yaşında qızı qalıb. Həkim telefonlara cavab vermir. Müstəntiq deyir ki, dördüncü xəstədir ki, onun əlində ölüb”.

 

Qənirə Ataşova isə qeyd edib ki, iddialara görə, Nurlan Həsənli Azərbaycan Tibb Universitetinin məzunu olmayıb, Rusiyada təhsil alıb. “Lakin onun diplomunun Azərbaycan Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunub-olunmaması barədə heç bir məlumat yoxdur”.

 

 “Mərcan Medicare” klinikasının baş həkimi Araz Ağayev açıqlamasında əməliyyatın plastik cərrah Oruc Məmmədov tərəfindən icra edildiyini deyib. O, Nurlan Həsənlinin Rusiyada tibb təhsili aldığını, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən həkim köməkçisi kimi fəaliyyət göstərdiyini bildirib.

 

Bəs qadınlar üçün ən təhlükəli plastik əməliyyat hansıdır? Kimlərə ümumiyyətlə, olmaz? Nəhayət, artan bu cür faktlardan sonra zərif cinsin nümayəndələri cərrah stoluna uzanmaqdan qabaq iki dəfə düşünəcəklərmi?

 

Qeyd edək ki, Azərbaycanda ən çox müraciət edilən plastik estetik əməliyyatlar arasında aşağıdakılar xüsusilə populyardır:

 

Burun estetikası (Rinoplastika): Burunun xarici görünüşünün dəyişdirilməsi ən çox həyata keçirilən əməliyyatlardan biridir.

 

Süd vəzilərinin böyüdülməsi və ya kiçildilməsi: Silikon implantlar vasitəsilə sinənin böyüdülməsi və ya kiçildilməsi əməliyyatları da geniş yayılmışdır.

 

Üz cizgilərinin dəyişdirilməsi: Qırışların açılması, üzün və göz qapaqlarının dartılması kimi prosedurlar da populyardır.

 

Liposaksiya (Dərialtı piylərin xaric edilməsi): Bədənin müxtəlif nahiyələrindən artıq piylərin çıxarılması əməliyyatları da tez-tez icra olunur.

 

Sağrı nahiyəsinin böyüdülməsi: Bu əməliyyat vasitəsilə sağrı nahiyəsinin həcmi artırılır.

 

Bu əməliyyatlara müraciət edənlərin əksəriyyəti qadınlar olsa da, kişilər arasında da plastik əməliyyatlara maraq artmaqdadır. Kişilər daha çox burun estetikası, göz qapaqlarının və qırışların dartılması, həmçinin liposaksiya kimi prosedurlara üstünlük verirlər.

 

Mütəxəssislər bildirir ki, qadınlar üçün ən təhlükəli plastik əməliyyatlardan biri BBL (Brazilian Butt Lift) əməliyyatıdır. Bu prosedur zamanı yağ toxuması bədənin bir hissəsindən alınır və ombalara yerləşdirilir. Əməliyyatın təhlükəsi yağın səhvən damarlara daxil olması və bu səbəbdən yağ emboliyası kimi ciddi komplikasiyaların yaranmasıdır. Bu, hətta ölümə səbəb ola bilər. Digər risklərə infeksiya, qan itirilməsi və nəticələrin qeyri-bərabər olması daxildir.

 

Kimlərə plastik əməliyyat ümumiyyətlə olmaz?

 

Plastik əməliyyatlar aşağıdakı hallarda məsləhət görülmür:

 

Sağlamlıq problemləri olan şəxslər:

 

Ürək-damar xəstəlikləri,

 

Diabet (xüsusilə nəzarət altına alınmayan),

 

Qan laxtalanma problemləri.

 

Hamilə və ya yeni doğum etmiş qadınlar:

 

Hamiləlikdən sonra bədənin tam sağalması üçün vaxt lazımdır.

 

Ümumilikdə, hər hansı plastik əməliyyatdan əvvəl detallı tibbi müayinədən keçmək və təcrübəli cərrahla məsləhətləşməyin vacib olduğu bildirilir. Riskləri azaltmaq üçün düzgün klinika və mütəxəssis seçimi mühüm rol oynayır.

 

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb:

 

“Plastik dedikdə söhbət estetik əməliyyatlardan gedir. Estetik əməliyyatlar, yəni bədənin kontraplastikasıdır, müxtəlif augmentasiyalardır, yəni böyütmə, reduksiyalar, kiçiltmə, liftinglər, qaldırma tipində olan əməliyyatlar. Bütün bunların hamısı hazırda geniş vüsət alıb, çünki xanımların cəmiyyətdə sosial rolu artır və bu əməliyyatlara tələbat artıb.

 

Amma məsələ bundan ibarətdir ki, əməliyyatdan əvvəl risk faktorları yoxlanmalıdır. İnfeksiya məsələsi, xüsusilə sterillik qaydaları, aseptik konsepsiyalar gözlənilmir, xəstələr lazımınca yoxlanmır. Bu da müəyyən fəsadlara yol açır. Bəzi xəstələrin əməliyyatdan sonra xəstəxanada müəyyən müddət qalması tələb olunur, çünki onlar ciddi bir əməliyyata məruz qalır, bədəndən xeyli piy çıxarılır, onların yeri dəyişdirilir və s.

 

Belə situasiyalarda orqanizmin reabilitasiyaya ehtiyacı var. Onlara vena daxilinə maye və dərmanlar verilməlidir və s. Amma bu prosedurlar həyata keçirilmir. Nəticədə, xəstələr dehidratasiyadan, maye çatışmazlığından və digər səbəblərdən dünyasını dəyişirlər. İnfeksiya məsələsi ortaya çıxır, sepsis yaranır. Çoxsaylı fəsadlar meydana gəlir.

 

Ona görə də bir qayda müəyyən edilməlidir. Hesab edirəm ki, bu məsələlərlə bağlı cəmiyyətdə pərakəndəlik və qanunlarda boşluqlar mövcuddur. Bu sahədə fəaliyyət göstərən mütəxəssislərlə bağlı da ciddi problemlər var. Hal-hazırda bu məsələlər müzakirə olunur. Məsələyə uyğun qurumlar ciddi şəkildə qarışmalı və müdaxilələr etməlidirlər”.

(“Yeni Müsavat”)

Tacxeber.com

Oxşar xəbərlər