• 22 Dekabr 2024 23:26

Gürcüstan hökuməti etiraza səbəb olan qanunu dəyişməyə hazır olduğunu deyir.

Baş nazir İrakli Kobaxidze: “Müzakirəyə hazırıq”

 

Gürcüstan hakimiyyəti kütləvi etirazlara səbəb olan “Xarici agentlər haqqında” Qanuna dəyişiklik edəcəyini vəd edib.

 

“Rustavi 2” xəbər verir ki, bu barədə Avropa Şurasının (AŞ) Baş katibi Alen Berse Tbilisidə mətbuat konfransında bildirib.

Daha sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakimiyyətin qanuna dəyişiklik etməyə hazır olduğunu təsdiqləyib.

 

“Əgər kimsə bizə “Xarici təsirin şəffaflığı haqqında” Qanunun hüquq prinsiplərini pozduğunu sübut etsə, əlbəttə ki, müzakirəyə hazırıq. Biz Avropa Şurasının strukturları ilə müzakirələrə və əməkdaşlığa hazırıq”, – Baş nazir deyib.

İrakli Kobaxidze həmçinin söz verib ki, hakimiyyət inzibati xətalara görə saxlanılan etirazçıları ayın sonuna qədər azad edəcək.

 

“Sputnik Gürcüstan” yazır ki, 2024-cü il noyabrın 28-dən indiyədək 30-dan çox şəxs cinayət məsuliyyətinə cəlb edilib, 370-dən çoxu isə inzibati qaydada həbs edilib.

2024-cü il mayın 28-də Gürcüstan Parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin veto qoymasına baxmayaraq, “Xarici agentlər haqqında” Qanunu qəbul edib.

 

Sənəddə maliyyə vəsaitlərinin 20%-dən çoxu xaricdən gəlirsə, qeyri-kommersiya təşkilatlarının və KİV-nin müvafiq reyestrində qeydiyyata alınmasından bəhs edilir.

Qeydiyyatdan keçməmək cərimələrlə nəticələnəcək.

 

Təşəbbüs Gürcüstanda kütləvi etirazlara səbəb olub.

Bu etirazlar da Qərb dövlətləri tərəfindən dəstəklənib.

Eyni zamanda, onlar Tbilisidən ya qanunu yenidən hazırlamağı, ya da ondan imtina etməyi tələb ediblər.

 

Venesiya Komissiyası qanunu antidemokratik adlandırıb və hesab edib ki, hökumət bundan tənqidçiləri sıxışdırmaq üçün istifadə edəcək.

İyunun əvvəlində ABŞ insan haqlarının pozulmasında iştirak etdiyi güman edilən onlarla Gürcüstan vətəndaşına viza məhdudiyyəti qoyub.

 

Gürcüstan hakimiyyəti isə öz növbəsində Qərb ölkələrini onun suverenliyini məhdudlaşdırmaqda ittiham edib.

“Bəyanat və viza məhdudiyyətləri ilə şantaj Gürcüstanın müstəqilliyini və suverenliyini məhdudlaşdırmaq üçün açıq cəhddən başqa bir şey deyil”, – hakim “Gürcü Arzusu” Partiyasının siyasi şurası bildirib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Xarici agentlər haqqında” Qanunu Avropa İttifaqına inteqrasiya yolunda addım adlandırıb.

 

O həmçinin bildirib ki, qanun ABŞ-da qüvvədə olan oxşar qanunun “yumşaq variantıdır”.

Aİ səlahiyyətliləri isə öz növbəsində hesab edirlər ki, sənəd vətəndaş cəmiyyəti təşkilatlarının və ayrı-ayrı şəxslərin hüquqlarını pozur.  (Meydan.tv)

 

Tacxeber.com

Oxşar xəbərlər