• 23 Dekabr 2024 21:36

“Qadının adını hər kəsin yanında çəkmək olmaz, bəyəm medal verirlər?”

Dostlar arasında, efirlərdə və s. söhbət edərkən xüsusilə kişilərin həyat yoldaşları haqqında “üzr istəyirəm, həyat yoldaşım/uşaqlarımın anası” dediyini hər birimiz eşitmişik. Öyrəncəli olduğumuz üçün bu ifadələr bizə qəribə gəlməsə də, son dövrlər buna etiraz edənlər də var.

 

Sosial şəbəkələrdə gedən müzakirələrdə qadınların da öz həyat yoldaşları haqında “üzr istəyirəm” deməsinin normal olmadığını bildirirlər.

 

Bəziləri qeyd edir ki, “ailə”, “övlad”, “həyat yoldaşı” söyüş və ya əxlaqsız sözlər olmadığından üzr istəmək yersizdir və bu, hörmət əlaməti sayıla bilməz.

 

Müzakirələrlə bağlı Ölkə.Az-a danışan tarixçi-etnoqraf Təvəkkül Səlimov ailə üzvlərindən danışarkən insanların üzr istəməsini müsbət qiymətləndirir. Onun sözlərinə görə, bu cür danışıq tərzinin dini və tarixi əsasları var:

 

“52 ildir ailə-məişət münasibətləri ilə bağlı tədqiqat aparıram. Çox sayda kitabım çap olunub. “Uşaqların anası”, “uşaqların atası” ifadələrini normal qəbul edirəm. Qabaqlar “külfət” deyərdilər. Bu söz ədəbi dildə də var. “Uşaqların anası/atası” ifadələri qədim tarixə malikdir. Ən azı orta əsrlərdə ananın adının çəkilməsi qəbuldilməz sayılırdı. Həm milli adət-ənənələr baxımından, həm də dini nöqteyi-nəzərdən sayılmazdı. Ana haqqında danışılanda “uşaqların anası” deyirdilər. İndinin özündə də bəzi bölgələrdə qadının adının çəkilməsi əskiklik hesab olunur. O elə bir varlıqdır ki, ona and içmək olar. Hər şey üçün yeri gəldi-gəlmədi ad çəkmək olmaz. Mən şəxsən bunu təsdiq edirəm ki, “uşaqların anası/atası” deyilməlidir və burada qeyri-adi heç nə yoxdur. Çox gözəl idfadələrdir. Azərbaycan dilində bu qədər gözəl ifadələr çox azdır. Olanların da üstündən xətt çəkirik. Bu gün ailə məsələsi televiziyaların gündəminə çevrilib. Evlənməyən, ailənin nə olduğunu bilməyən adamlar çıxıb yekə-yekə danışır. Adam quruyub qalır ki, bunlara bu səlahiyyəti kim verib?

 

Müsəlman dünyagörüşünə görə, qadının adını hər kəsin yanında çəkmək olmaz, ancaq doğmalar arasında ad çəkmək olar.
İslam bunları qəbul etmir. İslam qadına böyük hörmət bəsləyir. Quranda ayə var ki, allahdan sonra yaradıcı qüvvə valideyndir. Təsadüfən deyilmir ki, cənnət anaların ayaqları altındadır”.

 

Etnoqraf söyləyib ki, qadına, uşağa görə, üzr istəmək ona olan yüksək hörmətin göstəricisidir:

 

“İslam hicabı, çadranı niyə ortaya atıb? Zamanında bunlar peyğəmbərin öz ailə üzvlərini kənardakılar görməsin deyə tətbiq elədiyi bir şey idi. Müxtəlif islami dəyərlər qadının qapadılması demək deyil. Guya deyirlər ki, islam dini qadınlara hörmət etmir. İslama yaxından bələd olmayan, Quranı mütaliə edib onu dərk etməyən, islami dəyərləri bilməyənlər çox vaxt islama qarşı Avropa dünyagörüşündən çıxış edərək hücuma keçirlər.

Mən din adamı deyiləm, sadəcə oxuyan adamam. İslam qadına qarşı feodal, patriarxal münasibət deyil, sadəcə olaraq qadını yüksək qiymətləndirir. Peyğəmbər deyirdi ki, mənim qadınlarımın üzünü mən görməliyəm, başqası niyə görməlidir ki?! Ona görə ki o qadına dəyər verirdi.

Mən də şəxsən o fikirdəyəm ki, qadın bütün parametrlər üzrə qorunmalıdır. “Dəmir ledi” adlandırılan Marqaret Tetçer deyirdi ki, qadınlarla kişilərin hüquq bərabərliyi yanaşı olanda qadınlar kişiləri üstləyəcəklər. Görürsünüz, indiki halda müəyyən fəsadlar ortaya çıxır. Təsəvvür edin ki, evlənəndən daha çox boşanan var. Elə şeylər var ki, o doğrudan da qapalı olmalıdır. Qız jurnalist də işləyə bilər, müəllim də. Mənim qızım da işləyir, amma elə sahələr var ki, qadın üçün deyil, başa düşürsünüzmü?

 

Eşidirik ki, hansısa qıza, qadına təcavüz olunub. Avropada bəyəm belə şeylər olmur? Belə işlərin üstünü bağlayırlar. Biz isə dərhal çıxırıq televiziyaya ərimizin, arvadımızın nəyi var qoyuruq ortaya. İnsan ailəsinin söhbətini bayıra çıxarmaz. Ailənin söhbəti nəinki kənar adamlara, hətta bacıya belə deyilməməlidir.

 

“Uşaqların anası”, “uşaqların atası” çox mədəni ifadələlərdir. Məsələn, kimsə “yoldaşımın adı Məhəbbətdir” deyəndə o şəxsə medal verirlər? Burada bir halallıq var”, – deyə o söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər