• 25 Dekabr 2024 11:44

58 milyonluq şübhəli məhsul ortalığı qarışdırdı: Gömrükdən necə keçib?

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 57 milyon 960 min ABŞ dolları dəyərində 48 min 947.6 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. “APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən illə müqayisədə bu göstərici həcm ifadəsində 3 min 377 ton, dəyər ifadəsində isə 5.6 milyon ABŞ dolları artıb. Bu, kifayət qədər ciddi rəqəmdir. Sosial şəbəkə istifadəçiləri və bəzi jurnalistlər həmin yağdan “kərə yağı”nın düzəldilib əhaliyə satılması ilə bağlı iddialar irəli sürülər. 

 

Ümumiyyətlə, 49 tona yaxın palma yağı ölkəyə nə üçün gətirilir? Həmin yağ əsasən hansı sahələrdə istifadə olunur?

 

Globalinfo.az-a danışan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, qida eksperti Elsevər Fərzəliyev bunun kifayət qədər ciddi rəqəm olduğunu qeyd edib.

O, həmin yağın ölkəmizə məhz azərbaycanlıların gətirdiyini bildirib:

 

“Palma yağını Azərbaycana gətirən kimdir?! Düşünürəm, onu gətirənlər xarici vətəndaşlar deyil, azərbaycanlılardır. Deməli, belə bir nəticəyə gəlmək olar ki, həmin azərbaycanlılar Azərbaycan xalqının düşməni qismində çıxış edirlər. O palma yağından “kərə yağı” adı altında hidrogenləşdirmə və ya dehidrogenləşdirmə metodlarının tətbiq ilə kərə yağı istehsal edirlər. Bu zaman yəqin ki, ora müəyyən qədər aromatizator, boyaq, rəng maddələri və s. qataraq bu yağın kərə yağı qisminə düşməsinə köməklik göstərilir. Yəni bunu edən öz xalqımızın, millətimizin nümayəndələridir. Hansı ki, onlar Azərbaycan xalqını bir növ zəhərləyir, onun məhvinə doğru cəhd göstərir, çalışırlar. Dediyim kimi, bunu edən sapı özümüzdən olan baltalardır”.

elsever ferzeliyev

Elsevər Fərzəliyev

Mütəxəssis deyib ki, palma yağları gömrükdən buraxılmamalıdırlar:

 

“Palma yağları gömrükdən keçirilməməlidir. Qarşısı alınsa, buradakı işbazlar da onu emal edərək kərə yağı kimi satışa buraxa bilməzlər. Hər şey heç də sizin dediyiniz qədər sadə deyil. Birincisi, məsələni araşdırmaq üçün bizə çox dərin laborator tədqiqatlar lazımdır. İstehsal edilib satılan palma yağı bazasında kərə yağının tərkib göstərcələrini müəyyən etməyi bacarmalıyıq. Əgər bu, aşkarlanarsa, onda məsələ haqqında ciddi iddia qaldıraraq çıxış etmək olar. Bunun üçün də Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti tələb olunur. Ortada hansısa şübhəli nümunə varsa, deməli, palma yağını analiz etməli, xromotografik analizə məruz qoymalı, onun tərkibindəki yağ kütlələrinin tərkibini müəyyənləşdirməli və qeydə almalıdırlar ki, bu, palma yağı bazasında hazırlanan kərə yağıdır”.

 

E.Fərzəliyevin fikrincə, məsələ ilə bağlı Qida Təhlükəsizliyi İnstitutuna müraciət etmək lazımdır:

 

“Əgər kimdəsə rəsmi məlumatlar varsa, onda bunun əsasında adıçəkilən instituta müraciət edərək, məsələnin araşdırılmasına köməklik göstərə bilərlər. Yəqin sifariş var ki, o yağı həmin tələb olunan sektora göndəriblər. Bazar və satış olmasa, insanları aldadaraq o yağı ölkəyə gətirməzlər”.

Tacxeber.com

Oxşar xəbərlər