“Aktau şəhəri yaxınlığında “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı qəza yerində Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin istintaq qrupu araşdırma işləri aparır. Fəaliyyət göstərən güc strukturlarının nümayəndələri hadisə yerində istintaqa lazım olan dəlillərin mövcud olduğunu bildiriblər. Qazaxıstan rəsmi nümayəndələri azərbaycanlı həmkarları ilə koordinasiyalı formada araşdırma işlərini aparırlar. İstintaq qrupu hadisəni bütün versiyalara görə araşdırırlar”.
Tacxeber.com xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Dinara Nurqaliyeva bildirib.
O, qeyd edib ki, qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir.
D. Nurqaliyevanın sözlərinə görə, hazırda Azərbaycan, Qazaxıstan və Rusiya arasında onlayn formada informasiya mübadiləsi aparılır: “Qazaxıstanın fövqəladə hallar naziri hadisə yerindədir. Baş verən qəza ilə bağlı aparılan istintaq işinin nəticəsinə görə yekun məlumat veriləcək”.
Nazirlik rəsmisi bildirib ki, hazırda xəstəxanada 29 yaralı var, onlardan ikisi uşaqdır.
Qeyd edək ki, hadisə yerinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.