• 28 Dekabr 2024 09:18

Rasim Musabəyovdan Peskova CAVAB: “Məsuliyyət “çeçen knyazı” Kadırovun üzərinə düşür”

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova cavab verib. 

 

Tacxeber.com “minval.az”a istinadən xəbər verir ki, Peskov azərbaycanlı deputatın Rusiya tərəfinin üzr istəməsi və ölümlə nəticələnən fəlakətə görə məsuliyyəti öz üzərinə götürməsi barədə bəyanatına münasibət bildirib.

“Bütün ehtimallara görə, bu hadisəyə görə məsuliyyət Rusiyada xüsusi statusa malik olan çeçen knyazı Kadırovun üzərinə düşür və onun ünvanına nə isə demək olar, yoxsa yox, son nəticədə yalnız Rusiya Prezidenti Vladimir Putin müəyyən edə bilər.

 

İstintaqın nəticəsini gözləyirlər? Düşünürəm ki, onların gözlədiyi bu deyil. Onlar prezident Putinin bu məsələ ilə bağlı hansısa qərar verməsini gözləyirlər”, – Musabəyov bildirib.

 

Deputat hesab edir ki, istənilən halda Kreml bilməlidir ki, bu hadisəyə qiymət verməkdən və öz məsuliyyətini boynuna almaqdan qaçmaq mümkün deyil: 

 

“Rusiyanın reaksiyası qeyri-qənaətbəxş olsa belə, bizim Rusiya ilə münasibətləri kəsəcəyimiz ehtimalı azdır. Amma mən şübhə etmirəm ki, bu, bizim ikitərəfli münasibətlərimizdə son dərəcə mənfi iz buraxacaq”.

 

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

 

Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb. İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Tacxeber.com

Oxşar xəbərlər