1800-cü illərdə tibb sahəsində inqilab edən, heç kimin tanımadığı qadın: Meri Putnam kimdir?
Elm tarixi insanlığa yeni istiqamət verən bir çox dəyərli kəşflər və alimlərlə doludur. Ancaq bu adlardan bəziləri günümüzdə çox az insan tərəfindən tanınır. Meri Putnam da belə unudulmuş qəhrəmanlardan biridir.
Tacxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, Putnam 1852-ci ildə, cəmi 10 yaşında olarkən yazdığı gündəlikdə belə bir ifadə yer almışdı: “Möhtəşəm biri olardım. Yaxşı işlər görərdim ki, məndən sonrakılar məni sevgi ilə xatırlasın”.
O, dediyini edir və tibb sahəsində böyük işlərə imza atır. Lakin bu gün, çox az adam onun haqqında məlumatlıdır.
Amerikalı yazıçı Lidiya Rederin “The Cure for Women” (“Qadınlar üçün çarə”) adlı yeni kitabı Putnamın hekayəsini yenidən gün işığına çıxarmaq məqsədi daşıyır.
Təhsilə gedən çətin yol və ilk uğurlar
Meri Putnam Nyu-Yorkun tanınmış naşiri Corc Palmer Putnamın qızı olub. O, uşaqlıqdan etibarən tibb təhsili almaq istəyib. 1868-ci ildə böyük səylə Parisdəki Sorbon Universitetinin tibb fakültəsinə qəbul edilən ilk qadın tələbə olub. Lakin İkinci İmperiyanın süqutuna şahidlik etdiyi Paris mühasirəsi zamanı təhsilini dayandırmaq məcburiyyətində qalıb.
Putnam ABŞ-a qayıtdıqdan sonra qadın sağlamlığı sahəsində çalışıb. Eyni zamanda, Nyu-York Klinikasında işləyib və Qadınlar Tibb Kollecində dərs deyib. 1876-cı ildə Harvard Universiteti tərəfindən təqdim edilən prestijli Boylston Tibb Mükafatını qazanan ilk qadın olub. Onun qalib məqaləsi qadınların menstruasiya dövründə fiziki və zehni istirahətə ehtiyacının olub-olmaması mövzusuna həsr edilib.
Elm və araşdırmalarla qadınlara dair stereotipləri qırdı
Putnam qadınların menstruasiyasını xəstəlik deyil, sağlamlıq göstəricisi kimi izah edən güclü arqumentlərlə dövrün stereotiplərini alt-üst edib. Bunun üçün qadınlara anketlər göndərərək menstruasiya dövrləri ilə bağlı məlumatlar toplayıb. Eyni zamanda, könüllülərin nəbz, əzələ gücü və bədən temperaturu kimi fiziki göstəricilərini də araşdırıb.
1874-cü ildə Putnam oğul sahibi olub və bununla da, qadınların intellektual fəaliyyətlərinin fiziki sağlamlıqlarına zərər vermədiyini canlı şəkildə sübut edib.
Həyatını qadınların hüquqlarına həsr etdi
Putnam təkcə tibbi araşdırmalarla deyil, qadın hüquqları uğrunda mübarizəsi ilə də seçilib. Tibb fakültələrinə qəbul almaq istəyən qadınlara dəstək olur, dostlarını qadınların seçki hüquqlarını müdafiə etməyə təşviq edib. Onun həyatı boyunca bir çox çətinliklər və faciələrlə üzləşməsinə baxmayaraq, Putnam elmi və sosial sahələrdə böyük izlər buraxıb.