ABŞ Bidzina İvanişviliyə sanksiyalar tətbiq etdi və Salome Zurabişvilini isə Trampın andiçmə mərasiminə dəvət etdi.
Amerika Birləşmiş Ştatları (ABŞ) Gürcüstanın keçmiş baş naziri və “Gürcü Arzusu” partiyasının qurucusu, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. Bu qərar ABŞ hökumətinin rəsmi veb saytında dərc edilib.
Qərarın mətninə əsasən, İvanişviliyə qarşı sanksiyalar “Gürcüstanın demokratik və Avroatlantik gələcəyini Rusiya Federasiyasının maraqları naminə sarsıtdığı üçün” tətbiq edilib.
“Biz İvanişvilinin rəhbərliyi altında “Gürcü Arzusu” partiyasının fəaliyyətini, o cümlədən Gürcüstan vətəndaşlarına, etirazçılara, media nümayəndələrinə, insan hüquqları müdafiəçilərinə və müxalifət liderlərinə qarşı davam edən zorakı təzyiqləri qətiyyətlə pisləyirik. ABŞ Gürcüstanda demokratiyanı və insan hüquqlarını sarsıdanların məsuliyyətə cəlb olunmasını dəstəkləyir”, – deyə hökumətin bəyanatında bildirilir.
Bundan əvvəl Böyük Britaniya ABŞ ilə koordinasiyalı şəkildə Gürcüstanın daxili işlər naziri Vaxtanq Gomelauri, onun müavini Aleksandr Daraxvelidze, Tbilisi Polis İdarəsinin rəhbəri Sulxan Tamazəşvili, Xüsusi Tapşırıqlar Departamentinin rəhbəri Zviad Xarazişvili və onun müavini Mileri Laqazauri barəsində sanksiyalar tətbiq edib.
Bu arada, Salome Zurabişvili Gürcüstanın legitim lideri olaraq ABŞ Prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət edilib.
Bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Co Uilson məlumat verib.
“Gürcüstandakı yeganə legitim lider olaraq Prezident Salome Zurabişviliyə Prezident Donald Trampın andiçmə mərasiminə qatılması üçün dəvət göndərməkdən məmnunam. Xanım Zurabişvilinin İvanişvili və onun Çin Kommunist Partiyası və İran rejimindəki dostlarının hücumlarına qarşı göstərdiyi cəsarətə heyranam”, – Co Uilson deyib.