Balkan ölkələrinin üzərində Çin kabusu – sensasion faktlar
Çin uzun illər ABŞ bazarında aparıcı rola malik olub. Ancaq 2000-ci illərdən başlayaraq, Ağ Evə rəhbərlik edənlər Amerika bazarını Çin mallarından qorumağa qərar veriblər.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şaginoğlu bildirib.
Ekspert qeyd edib ki, Çin məhsullarına vergi və gömrük qiymətləri artırılıb: “Donald Trampın yenidən Ağ Evə gəlməsi Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarının artırılmasına səbəb olacaq. Pekin həmin günü gözləmədən iqtisadi sahədə müdafiə tədbirlərini gücləndirməyə qərar verib. Ümumiyyətlə, Pekin ABŞ bazarından asılılığını azaltmaq məqsədilə son 10-15 ildə məhsullarının ixracını şaxələndirməyə çalışır. Pekin diqqəti ərəb ölkələrinə və Afrika qitəsinə yönəldib. Bu sırada Balkan ölkələri də var. Çin Balkan ölkələrində müxtəlif layihələr reallaşdırır, yollar çəkir, körpülər tikir, limanları özəlləşdirir. Ancaq Çin bu bölgədə də çətinliklərlə üzləşib. Çinin maliyyələşdirdiyi layihələrin qeyri-şəffavlığı barədə müxtəlif iddialar var”.
E.Şahinoğlu xatırladıb ki, noyabrın əvvəllərində Serbiyanın Novı Sad şəhərində dəmir yolu vağzalında stansiya binasının tavanının çökməsi nəticəsində 14 nəfər həlak oldu, 3 nəfər ağır yaralandı:
“Bundan sonra Serbiyada hakimiyyətə qarşı etirazlar başladı. Polislə etirazçılar arasında toqquşmalar qeydə alındı, xəsarət alanlar və həbs edilənlər oldu. Məsələ burasındadır ki, tavanı çökən dəmir yol vağzalı Çinin “bir kəmər, bir yol” layihəsinin tərkib hissəsidir. Dəmir yolunun təmiri 3 il çəkmişdi, ancaq təmirdən sonra tavan çökdü. Serbiyanın dəmir yolu infrastrukturunun modernləşdirilməsində iştirak edən “China Railway International Co” və “China Communication Co” şirkətləri Novi Sad dəmir yolu stansiyasının tikintisində iştirak edib. Paytaxt Belqradı Novı Sad şəhəriylə birləşdirən dəmir yolundan Çin istehsalı sürət qatarları istifadə edir. Dəmir yolunun açılışında Serbiya Prezidenti Aleksandr Vuçiç də iştirak edib. Çin şirkətləri Belqraddan Avropanın digər şəhərlərinə istqamətlənən sürət qatarlarını təqdim edəcəklər”.